Onlayn ictimai-siyasi qəzet
Rusiya rəhbərliyinin daşınmasını həyata keçirən “Rossiya” Xüsusi Uçuş Dəstəsinə (SLO “Rossiya”) məxsus təyyarə ötən axşam Moskvadan havaya qalxaraq gecə saatlarında İstanbula enib.
Musavat.com xəbər verir ki, bu barədə “Flightradar24” xidməti məlumat yayıb.
Məlumatlara əsasən, təyyarə Moskvadan havaya qalxıb, əvvəlcə Astraxana qədər uçub, sonra Volqoqrad istiqamətinə dönərək ordan da İstanbula yollanıb. Marşrutun iki hissəsində, Moskvadan Astraxana və Volqoqraddan İstanbula qədər olan bölgələrdə hərəkətini izləmək mümkün olmayıb.
Qeyd edək ki, “Rossiya” xüsusi dəstəsi prezident, hökumət, Federasiya Şurası və Dövlət Dumasının sədrləri, habelə digər ali dövlət rəsmilərinin hava nəqliyyatı ilə daşınmasını təmin edir.
“İl-62M” tipli təyyarə ötən axşam Moskva ətrafındakı Şçolkovo şəhərində yerləşən Çkalovski hərbi aerodromundan havaya qalxıb. “Flightradar24”ün məlumatına görə, təyyarə İstanbula Moskva vaxtı ilə saat 03:15-də eniş edib.
Xatırladaq ki, 15 may tarixində İstanbuldakı danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edəcək. Görüşə həmçinin ABŞ nümayəndələri də qatılacaq.
Kreml danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini açıqlayıb. Heyətə prezidentin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ukrayna nümayəndə heyətinin tərkibi hələ açıqlanmayıb. Radio NV-nin məlumatına görə, heyətə prezident Volodimir Zelenski, prezident ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri və müdafiə naziri Dmitro Kuleba və Rustem Umerov, həmçinin prezidentin diplomatik müşaviri İqor Jovkva daxil olacaq.
ABŞ-ı danışıqlarda dövlət katibi Marko Rubio və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edəcək.
İqbal RZAYEV,
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ