Onlayn ictimai-siyasi qəzet
Ermənistanın İstintaq Komitəsi keçmiş müdafiə naziri, hazırda deputat olan Seyran Ohanyan, eks-ekologiya naziri, deputat Artsvik Minasyan və daha 4 nəfərə qarşı cinayət işində istintaqın tamamlandığını açıqlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ittihama görə, Seyran Ohanyan 2021-ci il üçün gəlir bəyannaməsində Geğarkunik bölgəsində yerləşən 10 526 kvadratmetrlik torpaq sahəsini və üzərindəki tikililəri gizlədib.
Bu isə qanunvericiliyə əsasən xüsusilə böyük həcmdə əmlakın gizlədilməsi kimi qiymətləndirilir.
Eyni zamanda, Artsvik Minasyana qarşı irəli sürülmüş ittihamın detallarını da baş prokuror daha əvvəl parlamentdə açıqlayıb. İttihamda onun da vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd olunur.
Cinayət işi üzrə Ekologiya Nazirliyinin bəzi əməkdaşları da təqsirləndirilən şəxs qismində tanınır.
Altı nəfərlə bağlı cinayət işi ayrıca icraata götürülüb və ittiham aktı ilə birlikdə məhkəməyə göndərilməsi üçün nəzarət prokuroruna təqdim olunub.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ