İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar hələ də üç övladlarını gözləyirlər…” – Kəlbəcərdə girov götürülən zərərçəkmiş danışdı

Bakı Məhkəmə kompleksində Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam edir.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə keçirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş şəxslər ifadə verirlər.

Bu gün, iyulun 4-də keçirilən prosesdə zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadə verib. Deyib ki, Kəlbəcərin işğalı zamanı 13 yaşı olub. O, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

Nəsibə Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndində müalicə adı altında aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısı Aygün və qardaşları Yaşar və Məzahir Quliyevlərdən xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Hazırda prosesə zərərçəkmiş şəxs qismində qatılan qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

Nəsibə Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır, onlar hələ də üç övladlarını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...”.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR