İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən nüvə şousu: Trampı təriflədi, Qərbi hədəfə aldı - ŞOK AÇIQLAMALAR

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sarov şəhərində atom sənayesi mütəxəssisləri ilə görüşdə diqqətçəkən bəyanatlar səsləndirib.

O, atom sənayesini Rusiya dövlətinin inkişafının əsas sütunlarından biri adlandıraraq, ölkənin möhkəm nüvə qalxanını məhz bu sahənin mütəxəssislərinin yaratdığını bildirib. Prezidentin sözlərinə görə, Rusiya bu gün öz təhlükəsizliyi və suveren inkişafı üçün atom sənayesinin veteranlarına borcludur.

Putin çıxışında qeyd edib ki, Rusiya alimləri Avropadan olan mütəxəssislərlə əməkdaşlığı davam etdirirlər və “heç kim dünya elmi ictimaiyyətini dağıda bilməyəcək”. O, siyasi mesajlar da verərək, Rusiyanın düşmən ölkələrinin olmadığını, yalnız düşmən elitaların mövcudluğunu vurğulayıb.

Donbas məsələsinə toxunan Putin 2014-cü ildən etibarən bu bölgədə başlanan müharibənin dayandırılması üçün Moskvanın hər şeyi etdiyini iddia edib. ABŞ-la münasibətlərə dair danışan Rusiya lideri ümid etdiyini bildirib ki, atılan ilk addımlar iki ölkə arasında tammiqyaslı dialoqun başlanğıcı olacaq. O, bu prosesdə ABŞ prezidenti Donald Trampın liderlik keyfiyyətlərinə xüsusi diqqət çəkib.

Putin suverenliyi Rusiya üçün ən vacib dəyər kimi qiymətləndirərək, Avropanın bu gün öz suverenliyindən məhrum olduğunu qeyd edib. Hökumətin zərər çəkmiş sərhəd bölgələrinin bərpası üçün xüsusi proqram hazırladığını açıqlayan prezident, Kursk vilayətində tikiləcək yeni Kursk AES-2 layihəsinin sənaye müəssisələrinin inkişafına xidmət edəcəyini bildirib.

Arktika məsələsinə də toxunan Putin bölgənin böyük mineral ehtiyatlara sahib olduğunu, bu istiqamətdə ABŞ ilə əməkdaşlıq imkanlarının müzakirə edildiyini deyib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələri Şimal Dəniz Yolundan istifadə etməkdə maraqlıdır. Rusiya prezidenti əlavə edib ki, hazırda heç bir ölkənin Rusiyadakı qədər güclü atom buzqıran donanması yoxdur və Arktikada yerləşən atom sualtı qayıqları Moskvanın strateji üstünlüyünü təmin edir.

“Rosatom”un dünya atom energetikasında mütləq lider olduğunu vurğulayan Putin, heç bir şirkətin bu qədər obyekt inşa etmədiyini qeyd edib. O, Rusiyada böyük hesablama gücünə malik kvant kompüterlərinin prototiplərinin hazırlandığını açıqlayaraq, ölkənin texnoloji inkişaf sahəsində ön sıralarda olduğunu diqqətə çatdırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR