Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini dayandırmaq üçün göstərdiyi son səylər cəmi dörd gün ərzində iflasa uğrayıb. Bazar ertəsi Tramp israrla bildirib ki, müharibəyə son qoyacaq sülh sazişi yaxınlaşır. Lakin cümə axşamı o, Kiyevin Rusiyaya daha çox hücum etmədən qələbə qazana bilməyəcəyini deyib.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Nəşr yazır ki, bu bəyanat Trampın təşəbbüsləri ətrafında yaranan nikbinliyin sürətlə azaldığını göstərir.
Ekspertlər hesab edirlər ki, Ağ Ev rəhbərinin avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə Alyaskada, bundan 3 gün sonra Ukrayna rəhbəri Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra gözlənilən nəticələrin əldə olunmaması bu cür fikirlərə yol açıb.
Siz necə düşünürsüz? Doğrudan da, Trampın ümidləri puç oldu?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, əvvəldən məlum ki, Putin Ukraynada məqsədlərinə çatmadan müharibəni dayandırmayacaq: "Onun böyük iddialarının kilid nöqtəsi Ukraynadır və burda uğur qazanmadan növbəti hədəflərinə çata bilməz. Ukrayna-Rusiya müharibəsi qlobal düzənin yenidən şəkilləndirilməsi və Qərbin təhlükəsizlik arxitekturasının etibarlı qorunması üçün həlledici faktordur. Ona görə də müxtəlif manevrlər etməklə həm cəbhədə, həm də beynəlxalq gedişatı öz xeyrinə dəyişməyə çalışır. Aydındır ki, Birləşmiş Ştatların aktiv müdaxiləsi olmadan Rusiyanı durdurmaq Qərb üçün mümkün görünmür. Odur ki, Avropa liderləri də Trampın qeyri standart qərarları və tez -tez dəyişən mövqeyi ilə uzlaşmağa məcburdurlar. Tramp gah Putinə xoş məram göstərir, gah hədələyir, gah da onu dilə tutmağa çalışır. Bu sistemsiz və qeyri sabit davranış Ukraynanı və Qərbi anlaşılmaz vəziyyətə qoymaqla yanaşı, Moskvanı arxayınlaşdırır. Rusiya müharibəni özündə hiss etməlidir, cəbhə onun içərilərinə daşınmalıdır ki danışıqlara məcbur olsun. Bunun üçün də Rusiyada daha çox strateji və hərbi hədəflərə hücum edilməlidir. Beynəlxalq sanksiyalar müəyyən effektlər verir. Şimal qonşumuzun iqtisadiyyatı külli miqdarda xərc aparan müharibəni qarşılamaq da getdikcə çətinləşir. Ona nəfəslik vermək hərbi əməliyyatların daha da uzanmasına aparır. Tramp özü də anlayır ki, Putini onun istədiyi güzəştləri vermədən dayandırmaq mümkün deyil. Buna baxmayaraq danışıqlara tam ümidini üzməyib. Ağ Ev rəhbərinin məqsədi fikrimcə, ilin sonunadək Ukrayna-Rusiya cəbhəsində kiçik də olsa uğura çatmaqdır. Bu onun beynəlxalq imicinə və Nobel sülh mükafatı iddialarına da müsbət təsir göstərərdi. Lakin göründüyü kimi, hələ ki, belə bir nailiyyətə çatmaq çətindir. Putini durdurmağın yollarından biri də məhz vurğuladığımız kimi üzərində dağıdıcı təsirləri anlatmaqdır".
Cavanşir ABBASLI
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ