Onlayn ictimai-siyasi qəzet
Bakı ilə Moskva arasında bir neçə mövzuda açıq qalan məsələ var; lakin hər iki tərəfin səylərinə baxmayaraq, bu gərginliyi aradan qaldırmaq olmur - izah
“Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz”. “Yeni Müsavat” xatırladır ki, bu fikirlər Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə aiddir. O, Bakıda Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə belə söyləyib.
Kirill daha sonra Putin haqda deyib: “Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meylli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək. Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm”.
Krill Bakıda olarkən deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması yenidən diqqəti iki ölkə arasında münasibətlərdəki gərginliyə yönəltdi. Xarici İşlər Nazirliyinin açıqlamasından bəlli oldu ki, Rusiya hər hansı ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan deputat Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.
O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb. XİN-in rəsmisi onu da bildirib ki, bu qərarın səbəbləri barədə izahat verilməyib. Açıqlamada “Azərbaycan Rusiyanın verdiyi bu qərarı qeyri-dost addım hesab edir” deyə bildirilir.
Bu gedişat göstərir ki, Rusiya ilə Azərbaycan arasında soyuqluq davam edir. Bir çox şərhçilər böhrana səbəb kimi 25 dekabr 2024-cü il tarixində Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasını göstərir. Doğrudan da Moskvanın bu faciəyə reaksiyası ilkin dövrdə Bakını qane etmədi.
Bunun ardınca “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 3 fevral 2025-ci il tarixində “Rus evi”nin fəaliyyətinə xitam verildi.
Həmçinin ötən həftəsonu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resurslarımıza qarşı kiberhücumlara görə Rusiyanı ittiham edib. Komissiya sədri bildirib ki, ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir.
O bildirib ki, kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir.
Hücumun motivinin də haradan qaynaqlandığının aydın olduğunu qeyd edən komissiyanın sədri bildirib: “Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus evi" və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib".
Yeri gəlmişkən, TASS agentliyi mənbəyə istinadla xəbər yayıb ki, Badamovun ölkəyə girişinə qadağa qoyulmasına səbəb guya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsi olub. “Badamova qarşı görülən tədbirlərin "şəxsi xarakter daşıdığı" bildirilir, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır. “Rusiya dost ölkələrlə münasibətlərdə "stop-list" praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub. Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür", - mənbə bildirib.
Eyni məzmunlu xəbəri eyni vaxtda “RİA Novosti” agentliyi də yayıb. Göründüyü kimi, açıqlamalarda Azər Badamovun konkret hansı fikirlərindən söhbət getdiyi bəlli olmur.
Bu proseslə sinxron şəkildə davam edən digər məsələ isə “Rus evi” ilə bağlıdır. Belə ki, mayın 5-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "Rus evi"nin fəaliyyətinin bərpası imkanlarının müzakirə edildiyini açıqlayıb. “Azərbaycann tələbi ilə "Rus evi" fəaliyyətini dayandırıb. Amma mənə elə gəlir ki, biz bu məsələ ilə bağlı müsbət dialoqa başlamışıq. "Sputnik" agentliyinin işi ilə bağlı da müzakirələr aparılır. Moskva qarşılıqlı məqbul həll yolu tapacağını gözləyir", - səfir bildirib.
Yəni faktiki olaraq, Bakı-Moskva xəttində ikili, ziddiyyətli, olduqca müəmmalı, gah qabaran, gah çəkilən proseslər cərəyan etməkdədir. Bəs hər iki tərəfin səylərinə baxmayaraq, bu münasibətlərdəki gərginliyi niyə aradan qaldırmaq mümkün olmur? O halda əsas problemlər nədir?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya təkcə Azərbaycanla münasibətlərdə belə siyasət yürütmür: “Rusiyanın qonşularını, hətta ittifaq dövləti Belarusu nəzərə alsaq, heç də bu ölkələrlə əlaqələri həmişə yaxşı olmayıb. Hər zaman Rusiya öz maraqlarını reallaşdırmaq üçün qarşı tərəflə bağlı xoşagəlməz tədbir görür. Belarus Prezidenti barəsində belə zaman-zaman bir neçə seriyalı, ittiham xarakterli filmlər nümayiş etdirilib. O cümlədən Qazaxıstan, Gürcüstan və başqa qonşularına qarşı təzyiqlər göstərib. Ona görə də Rusiya-Azərbaycan münasibətlərinin niyə tam yaxşılaşmadığını təhlil edəndə bu nümunələri də yaddan çıxarmamalıyıq”.
Ekspertin sözlərinə görə, AZAL təyyarəsinin vurulmasından sonra rəsmi Moskva Bakının tələblərini tam yerinə yetirməmiş, bu dəfə deputatı ölkədən deportasiya etməklə daha bir xoşagəlməz hərəkətə yol verib: “Halbuki əvvəlcədən nümayəndə heyətinin siyahısı olur, Rusiya kimlərin gələcəyini bilir. Deməli, qabaqcadan diplomatik yolla deputatın səfərini əngəlləmək olardı və mediada da işıqlanmazdı. Amma məqsədli şəkildə bunu yaydılar ki, ictimaiyyət xəbər tutsun. Hesab edirəm ki, Rusiyanın aqressiv siyasətinin səbəbi özündədir. Azərbaycan Rusiya ilə əlaqələri hər zaman beynəlxalq hüquq normalarına və qonşuluq prinsiplərinə uyğun qurub, problem qarşı tərəfdən qaynaqlanıb”. M.Sadəddinovun fikrincə, görünür ki, Rusiyada hələ də anti-Azərbaycan dairələr var və münasibətləri pozmağa çalışırlar.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ