İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iqtisadi tənəzzülü etiraf olundu: Kiyevin sülh şərtləri isə Kremlə siyasi böhran vəd edir

Kreml olduqca qəliz situasiyanın əzici təzyiqi altında qalıb, Rusiya üçün sülh masası indi taleyüklü faktora çevrilməyə başlayıb və Ukrayna ilə anlaşmağa cəhd göstərir... Ancaq Kremlin siyasi-ictimai və iqtisadi böhran ərəfəsində olduğunu fürsətə çevirən rəsmi Kiyev Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tərk etməsində israrlıdır...

Ukrayna savaşı ətrafında yaranmış situasiya hazırda əvvəlkindən daha qəliz xarakter daşıyır. Çünki sülh prosesi Rusiya tərəfindən iflasa uğradılıb. Kreml neoimperialist mövqeyində israr edir. Ukrayna və Rusiyanı danışıqlar masası arxasında uzlaşmaya yaxınlaşdıra biləcək elə bir ciddi cəhd müşahidə olunmur. Və Ukrayna böhranı zaman keçdikcə, uzunmüddətli "savaş bataqlığı"na çevrilməyə yönəlik istiqamət alır.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ukrayna savaşı ümumiyyətlə, ikinci plana keçməyə də başlayıb. Belə ki, İran-israil savaşı indi beynəlxalq məkanda əsas müzakirə mövzusuna çevrilib. Ona görə də, indi Ukrayna savaş poliqonunda baş verənlər Qərb siyasi dairələrinin diqqət mərkəzindən tədricən uzaqlaşmağa başlayıb. Və bu, Ukraynanın gələcək taleyi üçün real təhlükə hesab oluna bilər.

41e3123b0a8ad8967143a43565e7f617.jpg (93 KB)

Məsələ ondadır ki, Kreml İsrail-İran savaşından qətiyyən məmnun olmasa da, hər halda, bu münaqişəni həm də Rusiya üçün fürsət olaraq da dəyərləndirir. Belə ki, bütün dünyanın, xüsusilə də, rəsmi Kiyevin Qərbdəki müttəfiqlərinin başı Yaxın Şərqdə baş verənlərə qarışıb. Kreml isə mövcud beynəlxalq situasiyadan məhz Ukraynanın daha çox ərazilərini işğal etmək üçün yararlanmağa çalışır. Və Rusiya siyasi dairələri hesab edirlər ki, bu, Ukraynanın tam məğlub edilməsinə, rəsmi Kiyevin kapitulyasiya aktı imzalamaq məcburiyyətində qalmasına səbəb ola bilər.

Ancaq Kremlin bu əsas hədəfə irəliləmək üçün daxili resurslarının məhdud olduğu da bildirilir. Belə ki, Rusiya iqtisadiyyatının idarə olunmasına məsuliyyət daşıyan dövlət qurumlarının hazırladığı son hesabat Kremldə ciddi narahatlıq doğurur. Çünki həmin hesabatda Rusiya iqtisadiyyatının artıq tənəzzül mərhələsinə çox yaxınlaşdığı birmənalı şəkildə vurğulanıb. Və Ukrayna savaşının bir qədər də uzanacağı təqdirdə, Rusiya iqtisadiyyatında çöküşün qaçılmaz olacağı arqumentləşdirilib.

Bütün bunları nəzərə aldıqda, indi Rusiya üçün savaşın davam etdirilməsindən daha çox onun dayandırılmasının vacib olduğu qətiyyən şübhə doğurmur. Çünki əgər, hərbi potensialın tüklənməsinə daha effektiv çıxış yolu tapılmazsa, buna paralel olaraq, Rusiya iqtisadiyyatı da tənəzzülə uğrayarsa, onda Ukrayna savaşı Kremlin nəzarətindən kənar faktora çevrilə bilər. Ona görə ki, bu halda, Kreml artıq daxili siyasi-iqtisadi böhranla üz-üzə qalmış olacaq. Və Rusiya kimi nəhəng ölkədə belə böhranlar daha çox siyasi idarəetmə sisteminin çökmə təhlükəsini də yaradır.

2023_01_26_201550_sulhhh.jpg (111 KB)

Təbii ki, indi Rusiya üçün Ukrayna ilə sülh masası arxasında qarşıdurma savaş variantından daha sərfəlidir. Ona görə də, Kreml təmsilçiləri son vaxtlar sülh prosesinə bağlı narrativləri tez-tez tələffüz etməyə çalışırlar. Halbuki, son iki ay ərzində Kreml ardıcıl olaraq, üç dəfə ümidverici sülh təşəbbüsünü boşa çıxarıb. Və indi Kreml rəsmi Kiyevlə növbəti sülh müzakirələrinin tarixini müəyyən etməyə ciddi cəhdlər göstərmək məcburiyyətində qalıb.

Məsələ ondadır ki, prezidenti Vladimir Putin Rusiya və Ukrayna arasında sülh danışıqları prosesinin 22 iyundan sonra bərpa oluna biləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı Ukrayna tərəfi ilə intensiv müzakirələr aparır. Kreml sahibi onu da vurğulayıb ki, Rusiya bu müharibəni “mümkün qədər tez və sülh yolu ilə” bitirmək istəyir. Və prezident Vladimir Putinin gözlənilmədən "dərhal sülh" mövqeyinə yaxınlaşması Rusiyanın ağır vəziyyətdə olduğunu biruzə verir.

Əslində, Kreml sahibi bu məsələdə bütün problemin məhz Rusiyadan qaynaqlandığını da birmənalı şəkildə etiraf etsə, daha səmimi görünə bilərdi. Çünki müharibəni Ukrayna deyil, məhz Rusiya başladıb. Digər tərəfdən, məhz Kremlin neoimperialist və işğalçı şərtləri savaşın mümkün qədər tez bitməsinə əngəl olur. Üstəlik, Kremlin təhdidkar davranışları müharibənin dayandırılması prosesində sülh müzakirələrini iclasa uğradıb. Və indi Kreml sahibinin gözlənilmədən savaşın sülh yolu ilə mümkün qədər tez bir zamanda dayandırılmasında israr etməsinin əsas səbəbini məhz Rusiyanın özünün iflasa sürətlə yaxınlaşmasında axtarmaq daha məntiqli görünür.

f1cc4a1277a00ab1dedfdb0bdcbdd15b.jpg (56 KB)

Maraqlıdır ki, prezident Vladimir Putinin bu açıqlaması G7 sammitindən sonraya və NATO-nun Haaqa görüşü ərəfəsinə təsadüf edir. Böyük ehtimalla Kremlin G7 sammitində Rusiyaya yönəlik sanksiyaların yumşaldıla biləcəyinə yönəlik ümidləri boşa çıxıb. Üstəlik, dünya nəhənglərinin Rusiyaya yönəlik mövqeyinin dəyişməz qalması NATO sammitini də Kreml üçün təhlükə qaymağına çevrə bilər. Və həmin sammitdə Ukraynaya daha intensiv dəstəyin verilməsi barədə qərarın çıxa biləcəyi qətiyyən istisna edilmir.

Ona görə də, "mümkün qədər tez bir zamanda sülh istəyən" Kreml sahibi Rusiyanın İstanbul formatına qayıtmağa hazır olduğunu da vurğulayıb. Halbuki, hər iki İstanbul görüşündə Rusiya təmsilçiləri Ukraynanı yeni ərazilərin işğalı ilə təhdid etmişdilər. Nəticədə bu proses iflasa uğrayaraq, effektivlikdən uzaqlaşmışdı. Üstəlik, rəsmi Kiyev də hazırda Rusiyanın çətin vəziyyətdə olduğunu anlayır. Ona görə də, rəsmi Kiyev Rusiya ilə danışıqlarda yalnız Ukraynanın ərazi bütövlüyü və işğal altındakı torpaqların azad edilməsi şərtilə iştirak edə biləcəyini daha qətiyyətlə vurğulayıb.

Göründüyü kimi, Kreml olduqca qəliz situasiya ilə üz-üzə qalıb. Rusiya üçün sülh masası indi həlledici faktora çevrilməyə başlayıb. Kreml Ukrayna savaşının ən qısa zamanda sona çatdırılmasının vacibliyini anlayır. Üstəlik, savaşı davam etdirmək üçün hərbi və iqtisadi resursları yetərli olmayan neoimperialist Rusiya bunu sülh yolu ilə reallaşdırmağa məcburdur. Ancaq Kremlin siyasi-ictimai və iqtisadi böhran ərəfəsində olduğunu anlayan rəsmi Kiyev Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tərk etməsində israrlıdır. Və bu, Rusiya üçün əsl "hərbi-siyasi labirint" anlamı daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR