İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir? - AÇIQLAMA

Bahçeşehir Kipr Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol məsələ ilə bağlı Musavat.com-a bildirib ki, 17 iyun 2025-ci il tarixində “Bugün Kıbrıs” qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan “Azəri Bürokratlara Saxta Doktora” başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələl gətirməyə yönəlmiş iftira xarakterli məlumatlardan ibarətdir.

Onun açıqlamasını təqdim edirik: 

"Xəbərdə qeyd olunan "xüsusi imtahanlar", "hibrit doktorantura adı altında diplom verilməsi", "3–4 min dollar qarşılığında sənəd alınması" kimi iddialar tamamilə yalandır və heç bir hüquqi və ya faktiki əsas daşımır. Bahçeşehir Kipr Universiteti öz fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətinin qüvvədə olan qanunvericiliyi və YÖDAK tərəfindən müəyyən edilmiş akademik prinsiplər əsasında həyata keçirir.

Bütün proqramlarımız — istər bakalavr, istər magistr, istərsə də doktorantura səviyyəsində — şəffaflıq, ədalət və yoxlanıla bilən əsaslarla həyata keçirilir. Universitetimizdə təhsil alan hər bir tələbənin imtahanlara fiziki şəkildə qatılması və uğurla nəticə əldə etməsi zəruri şərtdir. Tələbələrin dərs və imtahan iştirakları universitetimizin daxili sistemində qeyd olunur və tələb olunduğu halda, bu məlumatlar rəsmi orqanlar – o cümlədən Kipr-in Miqrasiya İdarəsi tərəfindən də təsdiqlənə bilər.

Xəbərdə göstərilən qeyri-real iddialardan biri də guya Kiprdə olmayan tələbələrin yüksək qiymət almasıdır. Bildirmək istəyirik ki, universitetimizdə imtahan nəticələri yalnız dərsə davamiyyət göstərən, qiymətləndirmə meyarlarına cavab verən tələbələrə verilir. Hazırda universitetimizdə, xüsusilə xarici tələbələr arasında bəzi fənlərdən uğursuz olmuş tələbələrin mövcudluğu, qiymətləndirmə sistemimizin nə dərəcədə obyektiv və prinsiplərə əsaslandığını açıq şəkildə göstərir.

Bununla yanaşı, Kiprdə hər bir tələbə üçün tədris dövründə minimum 45 günlük fiziki iştirak tələbi qanunla müəyyən edilmişdir.

Bahçeşehir Kipr Universiteti olaraq biz, beynəlxalq səviyyədə tanınan, etibarlı və dürüst təhsil modeli ilə seçilən bir ali təhsil müəssisəsi olmaqdan qürur duyuruq. Müxtəlif ölkələrdən minlərlə tələbənin bizə etibar etməsi, göstərdiyimiz akademik səviyyənin və şəffaflığın ən böyük sübutudur.

Universitetimizə qarşı aparılan bu planlı qaralama kampaniyasına qarşı bütün hüquqi addımlar atılmış və məsələ ilə bağlı Kipr-in müvafiq qurumlarına – o cümlədən YÖDAK və Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər təqdim edilmişdir. Həmçinin, xəbər yayımında iştirak edən media qurumu və məsul şəxslər barəsində yerli və beynəlxalq hüquq çərçivəsində müvafiq hüquqi prosedurlar başladılmışdır.

Bahçeşehir Kipr Universiteti olaraq bir daha bəyan edirik ki, biz etik dəyərlərə, akademik dürüstlüyə və ali təhsildə keyfiyyət prinsipinə sadiq qalmağa davam edəcəyik. Universitetimizin və ölkəmizin nüfuzunu hədəf alan bu cür kampaniyaların qarşısında hüquq çərçivəsində qətiyyətlə dayanacağımızı ictimaiyyətin diqqətinə çatdırırıq."

****

Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Editor.az xəbər verir ki, qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.

Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı, miqrasiya qeydləri ilə təsdiqlənib.

İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının – YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.

Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlanıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub. Onlar üçün qanunvericilikdə yer almayan “Hibrid Doktorantura Proqramı” tətbiq olunur.

Diplom almaq üçün tələb olunan ödəniş isə 3000-4000 ABŞ dolları arasında dəyişir. Məsələ ilə bağlı danışan bir akademik bildirib ki, qaydalara əsasən, doktorantura dərslərinin yalnız üçdə biri onlayn ola bilər və bu da yalnız xüsusi hallar üçün nəzərdə tutulub. Hər semestrdə tələbə ən azı 45 gün adada qalmalıdır. Hibrid doktorantura proqramı isə qanunla qadağandır./Editor.az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR