İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşmirdə məhəbbət mövsümü

İndiki cavanlar baxmır, biz uşaq və yeniyetmə olanda hind filmlərinə çox baxardıq. Böyük seçimimiz yox idi, klublara, kinotearrlara eyzən hind filmi gətirərdilər. Biz də yığışıb baxırdıq.

Bəzən zarafatla deyirlər, guya o zamanlar tamaşaçıları filmə dəvət üçün cəlbedici afişalar vururmuşlar, məsələn, Amitabx Baççanın baş rolda oynadığı filmin afişasında yazırmışlar: “Baş rolda: “Samrat”dakı uzun gədə”. Bəzi yerlərdə belə afişalar ola bilər, amma afişaya-filana ehtiyac yox idi, kluba hind kinosu gəlirdisə, klub dolurdu.

O vaxtın oxumuş adamları deyirdilər: “Dünyada 4 cür film var: Əla film, yaxşı film, pis film və hind filmi”. Amma biz gedib baxırdıq. Maraqlıydı. O filmlərdə romantika desən, vardı, uşaqların xoşuna gələn dava-dalaş səhnəsi istəsən, bol idi, axırda da şortlu polislər gəlirdilər, haqq-ədaləti bərpa edirdilər.

Bir də görürdün, gənc oğlan və qız motosikletin belində külək vura-vura şütüyüb gedir, sonra çəmənlikdə əl-ələ tutub oynaya-oynaya, oxuya-oxuya qaçışırlar, axırda da yağışa düşürlər. Pəh, aləm idi. “Yaxşı oğlan”ın “pis adamları” qabağına qatıb çiləməsi özgə aləm idi. Rusların məşhur atalar sözünün (“İki adam bir adam üçün qoşundur”) hikməti darmadağın olurdu, çünki hind filmində bir adam bir taqım pis adamı döyür, it gününə qoyurdu.

Belə səhnələr uşaqlarda yanlış təəssüratlar yaradırdı. Gerçəkdən də elə bilirdik ki, dünyanın ən qoçaq, ən cəsur, ən çevik, ən dalaşqan oğlanları hindlilərdir. Düşünürdük ki, Amerikanın öhdəsindən gəlsə-gəlsə, hindlilər gələr. Şakanın, Amidin, Ciminin qabağında kim dayana bilərdi?

Sonralar Amerika blokbasterləri çıxanda və rembolar bir qoşun adamı qırıb-çatanda anladıq ki, yox, Rembo Şakanı döyər, daha dəqiqi, onu şillə-şapalağın altına salmasa da, gülləylə deşik-deşik edər.
Ancaq lap böyüyəndə, siyasətə dair kitablar oxuyanda bəlli oldu ki, hindistanlılar heç də dünyanın ən dalaşqan xalqı deyilmiş, hətta xeyli dərəcədə mağmun, məzlum xalqıymış. 80-90 il öncə onların lideri Mahatma Qandi deyirmiş ki, gəlin ingilislərə qarşı mübarizə aparaq, döysələr də, öldürsələr də, təhqiri ənsəyə verək, amma yolumuzdan dönməyək.

Qandi camaatının və ingilislərin canındakını bilirmiş, ona görə də “silahlanaq, ingilislərlə dalaşaq, onları qovaq” demirmiş, “bezdirək, bizi döyməkdən yorulsunlar, getsinlər” deyirmiş. Allah tərəfi, ağsaqqalın bu taktikası özünü doğruldub. İngilislər görüblər ki, milyonlarla ac-yalavac insanı nə dolandıra bilirlər, nə də onları qırıb-qurtarmaq mümkündür, çıxıb gediblər.

Bəs sonra nə olub? O “sülhsevər”, “pasifist”, “dinc mübarizə üsuluna önəm verən” insanların içindəki canavar oyanıb, əllərinə silah və hakimiyyət keçəndən sonra Əzrayıla dönüblər, ingilislərin bunlara etdiyini bu dəfə özləri etnik azlıqlara, başqa dini konfessiyalara ediblər və edirlər.

Biz uşaq olanda bir dənə də hind filmi vardı, adı “Kəşmirdə məhəbbət” idi. Davalı kino olmadığı üçün süjeti yadımda qalmayıb, amma adı məhz beləydi. Bəs niyə Kəşmirdə? Guya o məhəbbət Mumbayda, Qucaratda, Banqalorda ola bilməzdi? Xeyr. İndi-indi aydın olur ki, bu filmi çəkəndə hind kinematoqrafçıların patriot damarı yoğunlayıbmış, yəni, Kəşmir bizimdir.

Yeri getməmişkən, deyim ki, 11 il əvvəl ruslar da basıb Krımı alanda rus kinematoqrafçılar yarımadaya daraşdılar və orada “Qurzuf”, "Ortaqlar", "Bayquş saatı" , "Vikinq", "Mənə necə yaşamağı öyrət" kimi 35 film çəkiblər. Yəni Krım bizimdir. Ermənilərin “miatsum” məsələsi.

İndi əlimdə səhih informasiya yoxdur: 1992-ci ildən 2020-ci ilə qədər ermənilər Qarabağda neçə film çəkiblər. Çox çəkmiş olmazlar. Yaramazlar Qarabağda salamat yer qoymuşdularmı ki, hansısa filmin süjetində arxa fon abad görünsün.

Xüləs, söhbət qədim hind xalqının dalaşqanlıq və sülhpərvərlik xüsusiyyətlərindən gedirdi. Bu günlərdə məlum olur ki, hindistanlılar xeyli dərəcədə aqressivləşiblər və pakistanlılarla dalaşmaq istəyirlər.

Hazırda BMT və böyük dövlətlər yığılıb onlara başa salmaq istəyirlər ki, ağlınız film davalarına getməsin, qarşınızdakının da çoxlu qoşunu, nüvə başlıqlı raketi var, siz onlara nə atacaqsınızsa, onlar da sizə ondan atacaq, ara yerdə 5-6 milyon adam öləcək, farağat durun.

Mahatma Qandi sağ olsaydı, induslara yaxşı məsləhətlər verərdi. Amma bu da bir gerçəkdir ki, onların içində böyük sözü dinləyən azdır. Eə olmasaydı, Mahatma Qandinin özünü 1947-ci ildə xalqla görüşdə vurub öldürməzdilər. Tək o deyil, onlar Qandi soyadı daşıyan başqa (İndira Qandi, Raciv Qandi) liderləri də öldürüblər.

Beləcə, Mərkəzi Asiyada vəziyyət gərgindir. Kəşmirdə məhəbbət mövsümü bağlanıb. Ta sevgilisi ilə əl-ələ tutuşub alp çəmənliklərdə ora-bura qaçan da yoxdur, qorxurlar ki, güllə yağışına düşərlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 May 2025

01 May 2025

29 Aprel 2025

27 Aprel 2025

25 Aprel 2025

23 Aprel 2025

21 Aprel 2025

19 Aprel 2025

17 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

11 Aprel 2025

09 Aprel 2025

07 Aprel 2025

05 Aprel 2025

03 Aprel 2025

01 Aprel 2025

29 Mart 2025

27 Mart 2025

26 Mart 2025

24 Mart 2025

23 Mart 2025

21 Mart 2025

20 Mart 2025

18 Mart 2025

15 Mart 2025

13 Mart 2025

11 Mart 2025

09 Mart 2025

08 Mart 2025