İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mister Misteyk”in növbəti yanlışı...

 

Rusların bir qanadlı kəlamı var, deyirlər: “Starost ne radost”. Tərcüməsi qafiyəyə gəlmir, amma mənası belədir ki, qocalıq fərəh doğuran bir şey deyil.

Bu yazını yazarkən qarşımda iki xəbər var: biri odur ki, Böyük Britaniyada 95 yaşlı David Marjot Kinqston universitetində magistr dərəcəsi alıb və başqa bir kursa da getmək istəyir. Ser məzun törənində deyib ki, yaşın nə fərqi var, oxumaq, öyrənmək lazımdır. Adam universiteti 72 il öncə bitiribmiş, həkim-psixiatr işləyirmiş.

İndi siz bu “gənc məzun”da həyat eşqinə, hafizəsinə baxın. Düzdür, o özü deyib ki, yaddaşı əvvəlki kimi güclü deyil, amma 95 yaşda universitet bitirməyə çatırsa, demək, hələ qaydasındadır. Bəlkə evləndirsələr, evlənər də. Yoldaşı rəhmətə gedib, subay oğlandır.

Başqa bir informasiya da odur ki, ABŞ prezidenti Cozef Bayden Misir prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti kimi təqdim edib.

Mister İsrail-Fələstin davasından danışırmış, Allah qoysa, hərbi əməliyyatların dayandırılmasına dair mülahizə yürüdürmüş, qəfildən deyib ki, Meksika prezidenti Sisi humanitar yardımların çatdırılması üçün qapıları açmaqdan imtina edib.

“Misir” və “Meksika” kəlmələrinin ikisinin də M hərfi ilə başladığına baxmayın, ingiliscədə biri Egypt yazılır, İsıpt oxunur, o biri də Mexico yazılır, ingilislər ona Meksika deyirlər. (Fürsət düşmüşkən, onu deyim ki, ingilislər bizim Texas bildiyimiz ştatı da Teksas adlandırırlar, ispanlar və biz dirəşmişik ki, yox, Texasdır).

Gördüyümüz kimi, Bayden yenə qarışıdırb. Özü də cənab prezident 95 yaşında magistr dərəcəsi alan Marjotdan 14 yaş balacadır, cəmi 81 yaşı var, amma yaddaşı korşalıb.

Beş gün əvvəl o, Las-Veqasda tərəfdarları qarşısında çıxış edərkən 30 il qabaq vəfat etmiş Fransa prezidenti Fransua Mitteranla bu yaxınlarda görüşdüyünü deyib. Ya Makronla səhv salıb, ya da Mitteranla görüş onun yaddaşının bəd (bad) sektorunda ilişib qalıb, vaxtaşırı error verir.

Son 2-3 ildə Baydenin belə haqq-hesabları çoxdur, vaxtaşırı kimisə səhv salır, açıq hava ilə əl görüşür, yerinə düşməyən sözlər danışır. Artıq ölkəsində “Mister Misteyk” (“Cənab Yanlış”) ayaması almaqdadır.

Qarabağ tərəflərdə belə adamlar haqqında “ta qojalıf, kəvəlləyif” deyirlər və adətən böyük oğul atasına baxan kiçik qardaşına tapşırır ki, dədəmdən muğayat ol, tək heç yerə buraxma, başını alar, gedər, nəslin başına töhmət olar.

Amerika xalqının, daha dəqiqi, ABŞ demokratlarının minusu odur ki, bu, yumşaq desək, yaddaşı zəifləmiş kişini yenidən prezident seçmək istəyirlər və başa düşmürlər ki, adam dövlətin başına töhmət ola biləcək addımlar atacaq. Niger əvəzinə Nigeriyanı tənqid edə, Avstriya ilə Avstraliyanı, İsveçlə İsveçrəni, Gürcüstanla (Georgia) Corciyanı (Georgia) səhv salar, biabırçılıq olar. Bir vaxtlar bu sonuncuları yaddaşı güclü olanlar da səhv salırdı.

Yəni belə bir adamdan nəinki dövlət, heç ailə başçısı olmaz. Tutasan, o demokrat senatorları, qubernatorları, deyəsən, siz şəxsən Baydenin idarə etdiyi “Linkoln”a, “Ford”a minərsinizmi, əmin olun ki, hamısı “no” deyər, çünki canlarını çöldən tapmayıblar, bilirlər ki, Bayden o maşını Virciniya yolundakı yoğun ağaclara çırpıb salondakıları becərəcək.

Uzun sözün kəsəsi, adam istirahət etməlidir, özünə yaxşı bir məşğuliyyət tapmalıdır, gedib Marjotla görüşməlidir, bir kursa-filana yazılıb başını qatmalıdır. Nə qədər gec deyil, ABŞ demokratları da özlərinə bir gənc, yaddaşı güclü, savadlı (dünyada ABŞ-dan başqa da dövlətlərin olduğunu bilən) bir namizəd tapmalıdırlar. Nə çox gənc senator və qubernator demokratlar. Məsələn, Barak Obama özü istəməsə, yoldaşı Mişel namizəd ola bilər.

Yoxsa and olsun ABŞ-ın qurucu atalarının (Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton) goruna ki, Tramp seçkiləri udacaq, demokratlar qalacaqlar vaysına-vaysına.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2025

17 Sentyabr 2025

15 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

08 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

03 Sentyabr 2025

01 Sentyabr 2025

30 Avqust 2025

28 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025

22 Avqust 2025

20 Avqust 2025

18 Avqust 2025

16 Avqust 2025

14 Avqust 2025

12 Avqust 2025

10 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

05 Avqust 2025

03 Avqust 2025

02 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

28 Iyul 2025