Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərərçəkmişlər üçün salınmış yaşayış komplekslərindən biri –“Azərbaycan məhəlləsi” haqqında paylaşım edib. Bu barədə dövlət başçısı “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.
Musavat.com xəbər verir ki, Prezident Ərdoğan qeyd edib:
“Bu gün zəlzələ bölgəmizdə Can Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi’”ndəki mənzillər də daxil olmaqla, ümumilikdə 49 min 56 mənzil və iş yeri hüquq sahiblərinə təhvil verilir. Beləliklə, indiyədək təhvil verilən mənzillərin ümumi sayı 250 minə çatdırılır”.
Prezident Ərdoğan paylaşımında Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə işarə edərək, Azərbaycana bu çətin günlərdə verdiyi dəstəyə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Azərbaycan məhəlləsi” – 2023-cü ilin fevral ayında Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələlərdən sonra Azərbaycan hökumətinin maliyyə və texniki dəstəyi ilə inşa edilmiş yaşayış kompleksidir. Layihə çərçivəsində Kahramanmaraşın Onikişubat rayonunda 1 000-dən artıq mənzil, məktəb, uşaq bağçası, park və ictimai xidmət obyektləri tikilib.
Azərbaycan bu layihə ilə təkcə maddi deyil, simvolik və mənəvi dəstəyini də ortaya qoymuş, Türkiyəyə “bir millət – iki dövlət” prinsipinin böhran anlarında da yaşadığını göstərmişdi.
Ötən ilin aprel ayında “Azərbaycan məhəlləsi”nin təməlqoyma mərasimində Türkiyə və Azərbaycan rəsmiləri birgə iştirak etmiş, layihə Azərbaycan xalqı adından Türkiyə vətəndaşlarına təqdim olunmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək və hər iki dövlət başçısının iştirakı ilə “Azərbaycan məhəlləsi”nin açılışı olacaq.
Şahanə Rəhimli
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ