İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kimin qarın ağrısı varsa, mənim adımı Ramiz Mehdiyevlə hallandırır”

Elmar Məmmədyarovdan ƏSƏBİ ÇIXIŞ: “Gözləyin, bəlkə bazar ertəsi istintaqa dəvət edəcəklər...”


Eks xarici işlər naziri Elmar Məmmədyarov TV Müsavatın “Bazar Xəbər” verilişində aparıcı Sevinc Telmanqızının sualına cavab verərək, adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib. Müsahibimiz zəngə bir neçə cəhdimizdən sonra cavab versə də, cavabında dərhal jurnalistləri qınayıb.

-İndi bazar günüdür. Axşam saat 19.30-dur. Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salaməleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?

-Sizi istintaqa dəvət etməyiblər?

-Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.

-Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?

-Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.

-Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?

-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.

-Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?

-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.

-İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?

-Əlaqələrim yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Nə telefon, nə təbrik, nə salaməleyk. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam.

-Bəs həbsinə münasibətiniz necədir?

-Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdi də...

-Niyə “provakasiya”? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.

-Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR