Onlayn ictimai-siyasi qəzet
Xəzər dənizinin səviyyəsi gözləniləndən daha sürətlə azalmaqdadır. Artıq dənizin şimal hissəsində, sahildən cəmi 30 kilometr aralıda daha bir yeni ada meydana çıxıb.
Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ekspedisiyası bu ərazidə olub, adanın ölçülərini müəyyənləşdirib. Bu, son illər Xəzərdə suyun çəkilməsi nəticəsində yaranan ilk ada deyil. 2023-cü ilin yayında Dağıstan alimləri də yeni adaların yarandığını bildirmişdi. Onlar həmin ərazilərdə quş koloniyaları və yeni bitki örtüyü müşahidə ediblər. Aqraxan körfəzi – Terek çayının tarixi deltası – demək olar ki, quruyub. Çeçen adası və ona bitişik kiçik adalar artıq Aqraxan yarımadası ilə birləşib. Yeni yaranan qamış və yulğun kolları, qağayı koloniyaları bu ərazilərdə flora və faunanın dəyişdiyini göstərir. Lakin bu ekoloji yeniliklər sevinmək üçün əsas deyil. Əksinə, Xəzər regionunda böyük iqtisadi, ekoloji və geosiyasi təhlükənin yaxınlaşdığını göstərir.
Ən qorxulusu budur ki, bu proses sahilyanı ölkələrin – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın dəniz ticarətinə ağır zərbə vura bilər. Bunu beynəlxalq ekspertlər də təsdiqləyir. Rusiyanın Lomonosov Universitetinin geoloqu Dmitri Malışev xəbərdarlıq edib ki, Xəzərin səviyyəsi 5–7 metr aşağı düşərsə, dənizin cənub hissəsindəki iri limanların fəaliyyətində ciddi problemlər yaranacaq. Gəmiçilik məhdudlaşacaq, neft-qaz platformalarının dənizlə əlaqəsi çətinləşəcək.
Qazaxıstanın "Aktau" limanında artıq bəzi dərinlik ölçmələri göstərib ki, bir neçə ildən sonra iri tanker və yük gəmiləri bu limana yan ala bilməyəcək. Xəzərin dayazlaşması Çin–Azərbaycan–Avropa nəqliyyat yolunun bir hissəsi olan Bakı limanını da zərbə altına qoya bilər. Gəmilərin yükgötürmə qabiliyyətinin azalmasının qarşısının alınması üçün dəniz limanının dərinləşdirilməsinə yüz milyonlarla dollar xərclənməsi gərəyi yarana bilər.
Alimlər Xəzərdə suyun səviyyəsinin durmadan enməsinin əsas səbəbləri sırasında ilk olaraq iqlim dəyişikliyini göstərirlər. Son 20 ildə Xəzərə tökülən çayların suyu kəskin azalıb. Volqa çayının suyu sənaye və kənd təsərrüfatı məqsədilə daha çox istifadə edilir. Xəzərin şimal hissəsi dayaz olduğu üçün temperatur artımı buxarlanmanı artırıb. Qazaxıstan və Rusiya çaylarda hidrotexniki qurğular tikir, bu da Xəzərə su axınını azaldır. Rusiya Hidrometeorologiya Mərkəzinin proqnozuna görə, yaxın 10–15 ildə Xəzər dənizinin səviyyəsi daha 2–3 metr aşağı düşə bilər. Bu isə Bakı, Aktau, Türkmənbaşı limanlarının tam dərinlik itirməsi deməkdir. Ekspertlər bildirirlər ki, sahilyanı ölkələr bu təhlükəyə qarşı birlikdə mübarizə aparmalıdır. Dənizə tökülən çayların suyundan istifadə limitləri razılaşdırılmalı, liman infrastrukturu dərinləşdirilməli, yeni gəmi tipləri hazırlanmalıdır.
Xəzər su ehtiyatlarının süni qidalanma layihələri, Volqadan əlavə su buraxılması nəzərdən keçirilməlidir. Xəzərdə üzə çıxan yeni adalar ekoloji və iqtisadi fəlakətin xəbərçisidir. Əgər region dövlətləri bu problemə ciddi yanaşmasa, yaxın onilliklərdə Xəzər ticarət yolunun böyük hissəsi bağlana bilər.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ