İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkin Qədirlinin “yox” düyməsi

Milli Məclisdə qeyri-adi, tarixi, fövqəladə, orijinal, unikal, möcüzəvi, fantastik, inanılmaz hadisə yaşanmışdır. Keçən cümə orada eks hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyinatı səsə qoyularkən deputatlardan biri qərarın əleyhinə səs vermişdir!

Bunu radioda eşidən taksi sürücülərindən biri sudurğa keçirib, maşını havaya uçurdub. Azdramada əməkdar artistlər ruhlanaraq toplaşıblar, xalq artistini döyüblər. Ölkə ərazisində havanın temperaturu aşağı düşüb və sairə. Əhvalatın təsirlərini hələlik hesablayırıq. Ola bilsin ziyan qat-qat böyükdür. Bəzi vətəndaşlarımız bu səsvermənin uçuqları altından imdad çağırışları yapırlar. Xarici ölkələrdən ərazimizə humanitar yardımlar gətirilir.

Həqiqətən, bizim Milli  Məclisdə, şanlı parlamentomuzda bütün qərarların hamı lehinə səs verir. Köhnə vaxtlarda deyilən kimi, yekdilliklə. (Bu, qədim türk sözüdür, “yek”, yəni bir dildə olmaq deməkdir). Bəlkə bizim parlamentdə müxalifət yoxdur, fərqli fikirlərə, mövqelərə imkan verilmir? Qətiyyən. Məsələn, bir dəfə bütün deputatlar pambıq əkməyə səs verəndə bir deputat demişdi ki, mənim seçicilərim soğan əkəcəklər. Başqa vaxt hamı spikeri alqışlayanda deputatlardan biri yavaş əl çalıb, bunu parlament müxbirləri açıq müşahidə ediblər. Deyirmiş guya seçicilər barmağını dişlədiyi üçün əlində yara varmış. İnandırıcı olsun deyə şəhadət barmağına sarıdığı “santaviki” – yara bəndini də nümayiş etdiribdir. Ancaq buna kim inanar? Biz sadə insanlarıq, lakin sadəlövh deyilik. Müxalifətçisən, etiraf elə.

Ona görə də hamımız dəhşətə gəldik, düşündük görən bu cür keçid dövründə, xarici düşmənlərlə əhatə olunduğumuz çətin zəmanədə qərarın əleyhinə səs verən 1 deputat kimdir. Səsvermə gizli, demokratik keçdiyi üçün bunu tapmaq çox çətin idi. Hərənin gümanı bir yerdə getdi. Prokurorluğa, polis və DTX-ya ərizə yazan vətəndaşlarımıza da rast gəlindi.

Bir ehtimal seçki vaxtı çarpayıda idman edən müxalifətçi deputatın üzərinə getdi, çünki son vaxtlar həddindən artıq kəskin, radikal çıxışlar edir. Məsələn, Novruz bayramında səmənidəki buğdaların sayını, Kosanın saqqalındakı tüklərin uzunluğunu bəyənməmişdi. İkinci ehtimal bitərəf deputata yönəldi, o da Donald Trampı tənqidləri ilə yadda qalmışdır, bəlkə Mərkəzi Kəşfiyyat Agentliyi parlamentimizin elektron səsvermə tabosunun yaddaşını qırıb, ora saxta səs yazıbdır

Hətta, nə gizlədim, mən özüm eynəyimi neçə dəfə silmişəm, qabyuyana atdım, sonra döşəməsilənlə yetmiş dəfə sürtdüm, fikirləşdim bəlkə səhv görürəm. Ancaq yox, xəbər dəyişmirdi: “1 deputat qərarın əleyhinə səs vermişdir”

Atalarımız demişkən, 1 deputatın “əleyh” qərarı bir şey deyil, lakin könül bulandırır. Bu gün Milli Məclisdə qərarı bəyənməyən, sabah vətəni satar. Birisi gün Paşinyan kimi velosipedə minər. Üç gün keçəndə xaricdən qrant alar. Dördüncü gün neyləyər, ta onu təsəvvür eləmək belə istəmirəm.

Ötən müddətdə jurnalistlərin araşdırmalarına görə, guya bu adam REAL partiyasının deputatı Erkin Qədirli imiş. Hətta onun yerinə partiyanın sədri Natiq müəllimdən açıqlama, izahat, ifadə də alınmışdı, deyir biz Xanlar müəllimi Tərtər hadisələrindəki roluna görə bəyənmirik, Erkin müəllim də buna görə səsvermədə qadağan edilmiş “yox” düyməsini basmışdır.

Hə, hə, biz də inandıq... Görünür REAL partiyası vətəndaşlarımız arasında yaranmış dəhşətli sarsıntını, milli-mədəni, iqtisadi-sosial, siyasi-geopolitik təbəddülatı, narahatlığı yumşaltmaq, sakitləşdirmək üçün məsuliyyəti öz üzərinə götürmək qərarına gəlmişdir. Əks halda, niyə Erkin müəllimin özü danışmır? (Bəzi versiyalara görə “yox” düyməsini basandan sonra Erkin müəllim necə qorxubsa özü könüllü yox olmaq qərarına gəlibdir, düyməni qopararaq qaçıb və parlament tariximizə qeybə çəkilən deputat kimi düşəcəkdir).

Ümid edək iş həftəsi başlayanda bu vəziyyətə müəyyən qədər aydınlıq gələcəkdir. Bizimlə qalın, prosesləri izləyirik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025