İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərbəst toplaşan sülh quşları

Təzəlikcə Almaniyada azərbaycanlı həkimlərin forumu keçirilmişdir. Diaspor fəaliyyətlərimiz üçün bu kimi işlər çox önəmlidir. Özü də Almaniyada o qədər çox həkimlərimiz var ki, artıq bu forum ikinci ildir keçir. Sən Lerikdə, Beyləqanda, nə bilim, Kürdəmirdə həkim və xəstəxana problemi yaşayırsansa, dilxor olma. Əsas odur həkimlərimiz Avropaya, Almaniyaya mühacirət etsin. Bəlkə qayıdanda özləri ilə vurulmuş maşın gətirdilər.

Xarici ölkələrə diqqət yetirməyimiz təsadüfi deyildir, çünki hazırda onlar da ölkəmizə diqqət yönəldiblər. Bəzən bu diqqət lazımsız, yersiz olur. Məsələn, hazırda bir sürü dünya dövləti guya Ermənistanla Azərbaycan arasında sülh, barışıq yaratmağa çalışır. Eyni zamanda hamısı altdan-altdan bölgəyə silahlarını satır. Sən dimdiyində patron gətirən sülh göyərçini görmüsənmi? Əcaib vəziyyətdir.

Sözgəlişi, göyərçinin sülh simvolu seçilməsi də dünyanın absurdlarından biridir, çünki bu quşda sülhün “s”-sı belə yoxdur. Bu işin tarixi qədimlərə gedir, lakin göyərçini sülh simvolu kimi məşhurlaşdıran rəssam Pablo Pikasso olub. O, keçən əsrin ortalarında sülh konfransında şair Lui Araqonun təklifi ilə dimdiyində zeytun budağı tutan göyərçin çəkib. Ancaq Pikasso deyərmiş ki, əcəb də sülh simvoludur, göyərçinlər yem üstündə bir-birini didişdirir, gözünü çıxarır.

Həmçinin Fransada bu quşlara “uçan siçovullar” deyirlər. Xəstəlik yayırlar, dam-daşı, abidələri nəcisləri ilə bulaşdırırlar. Lakin göyərçinin şəhərləri zibildən təmizləmək kimi funksiyası vardır. Ornitologiya haqda bu qədər.  Biz gərək sülhü ermənilərlə özümüz, öz aramızda, heç kim qarışmadan həll edək. Əks halda, həmişə bu işin zibili çıxacaqdır.

Xaricdən yayılan tənqidlərdən biri guya ölkəmizdə sərbəst toplaşma azadlığının zəif olmasıdır. Yanılmıramsa, bu tənqid Britaniya tərəflərdən gəlmişdi. Mən heç burada onlara hökumətimizin keçmişlərdən qalma “Londonda aksiyaları atla dağıdırlar” cavabını vermək istəmirəm, lakin qərəz açıq göz önündədir. Sərbəst toplaşma hüququ necə pozulur ki, hər gün səhər-axşam Bakı Metropoliteninin stansiyalarında, perronlarda, qatarların içində əhali sıx surətdə bir-birinə yapışır?

Hər axşam yol qıraqlarına get, yüzlərlə adam sərbəst toplaşıb avtobus gözləyir.

Hələ toylar... Keçən ay mən sütunsuz salonda bir toya getmişdim, iynə atsan yerə düşməzdi. Camaat kababın üstündə oynayırdı. Bəylə gəlin tribunada əyləşmişdi. Oxşar mənzərə ölkəmizin saysız-hesabsız şadlıq saraylarında hər gün yaşanır. Bunlar hamısı xalqın sərbəst toplaşması deyilsə, bəs nədir? Sən Londonda küçəyə çıxıb "Fələstinə azadlıq!", "Amazonka meşələri qorunsun!”, nə bilim, "Putin, əlini Kiyevdən çək"", - deyə aksiya edirsən, biz də Bakıda “Sonalar sonasının dimdiyi” şadlıq sarayında yığışıb Əliməmmədlə Gülbaharı (məsəl üçün) qutlayırıq, “Qoşa qarıyasınız!”, “Yarıyanlardan olun!”, canım sənə desin, “Gələn il bu vaxt Zəngəzurda yığışaq!” tipli çıxışlar edirik. Kim isbat edə bilər ki, bunlar məzmunca fərqli, lakin formaca oxşar şeylər deyildir? Hərənin öz dərdi var.

Yeganə fərq bəlkə də bizim toyların daha barışçıl, daha dinc aksiya kimi keçməsidir. Hərçənd son zamanlar xarici təsirlər çox hiss olunur, bəzən toylarımızda dava düşür, gitaranı qudaların başında sındırırlar. Hətta toylarda ölənlər artıbdır. Məncə, bu istiqamətdə dövlət tədbir görməlidir, bəzi toyları keçən illərdə olduğu kimi, qadağan etmək lazımdır. Ramiz Mehdiyevi təzədən işdən çıxartmaq olar. 

Sərbəst toplaşma da var, söz azadlığı da. Məsələn, mən bu dəqiqə Makron haqda nə istəsən yazaram. Ancaq yazmıram. Müəlliməsi ilə evlənən adam haqda nə yazasan? Camaat dərsə gedir elm öyrənsin, Narxoza girsin, bunun fikri haradaymış...

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025

23 Avqust 2025

22 Avqust 2025

21 Avqust 2025

20 Avqust 2025

19 Avqust 2025

16 Avqust 2025

15 Avqust 2025

14 Avqust 2025

13 Avqust 2025

12 Avqust 2025

10 Avqust 2025

09 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

06 Avqust 2025

05 Avqust 2025

02 Avqust 2025

01 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025