Onlayn ictimai-siyasi qəzet
İndiki cavanlar bilməz, sovet dövründə belə bir yəhudi zarafatı vardı, deyirdilər, Uzaq Şərqdə yaxın qohumların olmasındansa, Yaxın Şərqdə uzaq qohumların olması yaxşıdır”.
Bu kəlamı o zamanlar irad ediblər ki, idarələrdə bir şəxsin anketi doldurularkən ondan “daxili məhbəsdə və ya xaricdə yaxın qohumu olub-olmadığı”nı soruşurdular. Hətta avtobioqrafiya yazanlar da göstərməli idilər ki, “daxili məhbəsdə və ya xaricdə” qohumu var, ya yoxdur.
Əgər adamın xaricdə qohumu olardısa və bunu avtobiorafiyasında göstərməzdisə, qanı gedərdi, partiyaya daxil olubsa, partiyadan, məsul vəzifəyə gedibsə, oradan çıxarardılar. Yox, adam vicdanlı çıxardısa və avtobioqrafik məlumatlarında “əmimin oğlu valyuta alveri üstündə tutulub, hazırda Ekibastuzda yatır” və ya “Babam müharibədən qayıtmayıb, Germaniyada qalıb evlənib, indi orada qohumlaırmız var” yazsaydı, adama nə vəzifə verərdilər, nə də partiyaya keçirərdilər.
İfşa məsələsi çətin deyildi. Sağlığınıza, hər kollektivdə və qonşuluqda mütləq iki-üç çuğul və mərdiməzar olardı və onlar adam haqqında əsl həqiqətləri yazaraq, “partiya və sovet hökumətini aldatmaq istəyən antipodu” ifşa edərdilər.
Hətta ötən əsrin 80-ci illərinin axırlarında da insanlara “daxili məhbəsdə və xaricdə qohumlarım yoxdur” ifadəsi yazdırırdılar. Daxili məhbəs heç, amma köçəri quşlardan başqa heç bir canlının qapalı ölkə olan SSRİ-nin sərhədini pozub xaricə gedə bilmədiyi halda kimin harada nə qohumu ola bilərdi?
Əlbəttə, yəhudilərdən başqa, heç kimin. Onların Uzaq Şərqdə (Birobidjan) də qohumları vardı, Yaxın Şərqdə də, okeanın o tayında da, bütün Avropada da.
Ancaq zaman gəldi, “Uzaq Şərq-Yaxın Şərq” zarafatının yumorunun içinə elə bir zəy qoyuldu ki, artıq o söhbət gülməli deyil. İndi çox adam Yaxın Şərqdə olmaqdansa, Uzaq Şərqdə olmaq istəyər. Yaxın Şərqdə insanların başına bomba tökülür, Uzaq Şərqdə isə heç olmasa Amurda balıq-zad tutmaq olar.
O gün xəbər vardı ki, Kiyevdə rus bombardmanından qaçan bir ailə 2-3 il əvvəl İsrailə köçüb, Hayfa şəhərinə yerləşib, bir neçə gün əvvəl isə Hayfada İranın bombardmanına məruz qalıb, həlak olub.
Ta belə taleyə nə deyəsən? Alın yazısına inanan fatalistlər deyəcək, taledən qaçmaq olmaz, hər kəsin nəsibində nə varsa, o olacaq. (Körpə uşaqların alın yazısında “bombardmanda ölmək” qeydi necə və niyə yazılır, görəsən?).
Ona qalsa, 1994-cü ildə bir siravı əsgərin başına gələn hadisəni danışırdılar. Demək, həmin ilin may ayının 10-da bu əsgər düşmənlə üzbəüzdəki səngərdə yaşadığı stressə dözməyib, hərbi hissəni özbaşına tərk edərək o vaxtkı Əli-Bayramlı şəhərinə gəlib və gecəylə Rusiyaya, yaxın qohumlarının yanına gedib. Elə Moskvaya düşdüyü gün küçəni keçərkən onu maşın vurub. İki gündən sonra isə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalanıb, hərbi əməliyyatlar sona çatıb.
Belə çıxır ki, əsgər 2-3 gün də öz hərbi hissəsində qalsaydı, fərarilik etməyəcək və salamat qalacaqdı. Amma bunu kim bilir? Bəlkə də elə atəşkəsin ertəsi gün onu erməni snayperi vuracaqdı. Ya da o, hərbi xidmətdən sonra yenə Rusiyaya gedəcək, orada yaxşı pul qazanacaqdı. O da ola bilər ki, sonradan həmyerlilərinin girdiyi kriminal ayırdetmə prosesində çovuyan güllənin qurbanı olacaqdı. Bilmək olmur. Keçən il ABŞ-də dükanda işləyən bir gənc həmvətənimizi dərənin narkomanı vurub öldürmədimi? Halbuki adam burada işini-gücünü atıb Amerikaya xoşbəxt olmağa getmişdi.
Bu, nəsib-qismət məsələsi deyil, pis adamların dünyanı pis günə qoymasının nəticəsidir. Hər yan təhlükəlidir. Müharibə getməyən yerlər var ki, orada da başqa savaşlar gedir. Ola bilər, Hayfada həlak olan həmin ailə Meksikaya köçsə, orada da küçə atışmasının qurbanı olardı. Bu, bir az da seçim məsələsidir.
Dünyada salamat yer az olduğuna görə gərək ölkə dəyişəndə yüz ölçüb, bir biçəsən. Tərs kimi, asudə həyat və firavanlıq olan yerlər də artıq qapı-pəncərələrini bağlayıblar ki, azan-təzən gəlib onların rahatlığını pozmasın.
Yaxın Şərq əvvəldən qan ocağı olub. Min ildən sonra da elə olacaq. Yaşayarsınız, görərsiniz. O müqəddəs torpaqlarda heç vaxt əmin-amanlıq olmayacaq. Atalar da deyib ki, müqəddəs yer boş qalmaz. Solomona qalmayan Yerusəlim Binyaminə də qalmayacaq.
Hərçənd oraların müqəddəsliyi də artıq şübhəlidir. O qədər qan tökülən yer necə müqəddəs ola bilər?
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ