Onlayn ictimai-siyasi qəzet
BMT-nin beş eksperti Qırğızıstan hakimiyyətini Bişkekdə trolleybus sisteminin sökülməsi qərarına yenidən baxmağa çağırıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bu barədə "Bişkeksmoq" şəhər təşəbbüsü məlumat yayıb.
Bildirilir ki, müraciət BMT-nin insan hüquqları və ətraf mühit, zəhərli tullantıların idarə olunması, sağlamlığın qorunması, iqlim dəyişikliyi, qərarların qəbulunda vətəndaşların iştirakı üzrə xüsusi məruzəçiləri tərəfindən hazırlanıb. Onlar xatırladıblar ki, Qırğızıstan iqlim dəyişikliyi üzrə Paris sazişinin tərəfidir və bununla da zərərli emissiyaları azaltmağa və insanların təmiz ətraf mühitə olan hüququnu qorumağa borcludur.
Mütəxəssislər qeyd ediblər ki, trolleybusların elektrik avtobusları və qazla işləyən avtobuslarla əvəzlənməsi şəhərin ekologiyasını yaxşılaşdırmır. Əksinə, bu cür tədbirlər yalnız havanın çirklənməsini artıra bilər. Onlar vətəndaşların sağlamlığını və ətraf mühiti qorumaq üçün trolleybus infrastrukturunun sökülməsini dərhal dayandırmağa və nəqliyyat siyasətinə yenidən baxmağa çağırıblar.
Fəallar xatırladıblar ki, 2024-cü il iyunun 19-da şəhər sakinləri özləri trolleybus xətlərini sökən texnikanı dayandırıblar. Lakin sonradan sökülmə davam edib.
“Bu gün biz etiraf etməliyik ki, meriya tərəfindən belə bir təşəbbüs şəhərin bütün tarixində nəqliyyat sistemi üçün ən dağıdıcı nəticələrdən biri olub”, - mesajda deyilir.
Ekspertlər həmçinin əlavə ediblər ki, vətəndaşların, mütəxəssislərin və beynəlxalq təşkilatların müraciətlərinə baxmayaraq, Bişkek şəhər şurası 2024-cü il avqustun 29-da qalan trolleybusların paytaxtdan Oş şəhərinə köçürülməsi barədə qərar qəbul edib.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ