İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın gözü İstanbulda - Rusiya-Ukrayna savaşı bitir, yoxsa Putin...

Tramp Suriyadan qardaş ölkəyə gələ bilər; Türkiyə gələcək üçün də əsas vasitəçi kimi seçiləcəkmi?

Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında diplomatik səviyyədə danışıqlar baş tutacaq. Bununla da 2022-ci ildən bu yana savaş tərəfləri arasında danışıqlar prosesinin bərpa ediləcəyi gözlənilir.

Hazırda əsas diqqətlər Vladimir Putinin üzərində cəmləşib. Buna səbəb də onun İstanbula gəlib-gəlməyəcəyi ilə bağlı yaranan suallardır.

Rusiya nümayəndə heyəti mayın 15-də Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kreml rəsmisi İstanbula gedəcək nümayəndə heyətinin tərkibini açıqlamayıb.

“Planda heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alan kimi bunu edəcəyik. Lakin mən bir daha təsdiqləyə bilərəm ki, mayın 11-də prezidentin bəyanatında deyilənlər öz aktuallığını qoruyub saxlayır. Həqiqətən də, Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətini mayın 15-də İstanbulda gözləyəcək”, - Peskov vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, İstanbulda Ukrayna üzrə danışıqlarda Rusiya nümayəndə heyəti bir çox siyasi və texniki məsələləri müzakirə edəcək və onun tərkibi də buna əsasən müəyyən ediləcək.

Uşakovun sözlərinə görə, danışıqlar mayın 15-i səhər saatlarında başlaya bilər.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib ki, o, Putini Zelenski ilə İstanbulda keçiriləcək üzbəüz sülh danışıqlarında iştirak etməyə şəxsən razı salmağa çalışacaq.

Bildirək ki, Rusiya və Braziliya BRİKS qrupuna üzv olduqları üçün iqtisadi tərəfdaşdırlar və Lula bu yaxınlarda Moskvada qələbə paradında iştirak edib.

Nəşr qeyd edir ki, Lula da Silva Moskvaya getməzdən əvvəl Pekində keçirdiyi mətbuat konfransında deyib: “Putinlə danışmağa çalışacağam. Mən bunu asanlıqla deyə bilərəm. Ey, yoldaş Putin, İstanbula get və razılığa gəl, lənət şeytana”.

Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib.

“Reuters” agentliyi xəbər verir ki, Zelenskinin yeganə şərti danışıqlarda Putinin də şəxsən iştirak etməsidir.

Zelenskinin sözlərinə görə, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir. O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir.

“Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur”, - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, əgər danışıqlar baş tutmasa, ABŞ və Avropa İttifaqından Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmasını gözləyir.

Almaniya kansleri Fridrix Merts isə Zelenskinin İstanbulda danışıqlara razılıq verməsini düzgün addım kimi qiymətləndirib, lakin əlavə kompromislərin qəbuledilməz olduğunu bildirib.

APA “Zeit Online” portalına istinadən xəbər verir ki, o, bu fikirləri Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Mertsin sözlərinə görə, Zelenskinin Türkiyəyə səfəri niyyətlərinin ciddiliyini göstərir, lakin bundan sonrakı kompromis və güzəştlər qəbuledilməzdir.

Fransa Prezidenti Emmanuel Makron da Rusiya ilə Ukrayna arasında gündəmdə olan atəşkəslə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Makron Ukrayna ilə atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bəyan edib.

“Niyyətimiz yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdir. Bu mövzuda koordinasiyadayıq”, - deyə o söyləyib.

Makron qeyd edib ki, sanksiyalar Rusiyanın maliyyə xidmətlərini və neft-qaz sənayesini hədəf alıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr şöbəsinin müdir müavini İbrahim Halil Qorxmaz deyib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların İstanbulda davam etdirilməsi istisna edilmir. O bildirib ki, çox güman ki, bu, bir sıra görüşlərdən ibarət olacaq.

“Tamamilə mümkündür ki, danışıqlardan sonra münaqişəyə son qoymaq məqsədilə prosesin ikinci, üçüncü görüş çərçivəsində davam etdirilməsi ilə bağlı razılıq əldə olunsun. Hər şey mayın 15-də mümkün ilk görüşün nəticələrdən asılı olacaq”, - agentliyin həmsöhbəti İstanbulda keçiriləcək görüşün sonuncu olmama ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov bu görüş barədə “Yeni Müsavat”da bir ehtimal irəli sürdü: “İstanbulda Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə yayılan xəbərlər Rusiya rəsmi dairələrinin müharibəni uzatmaq üçün yaydığı növbəti yalandır. Daha aşağı səviyyədə baş tutacaq görüş isə Rusiya ilə Ukrayna arasında gedən müharibənin vaxtını uzatmağın Rusiya variantı kimi anlaşılmalıdır. Bu gün hər iki tərəf və daha çox Rusiya, nəinki sülh danışıqlarına, heç atəşkəs rejiminin belə tətbiqinə hazır deyillər. Daha maraqlı məlumat isə səhnə arxasında gedən çirkin, lakin ABŞ-ın iqtisadi və biznes maraqlarına xidmət edən oyunlardır. Şəxsi qənaətim budur ki, Kremllə Ağ Ev arasında heç kimə bildirilməyən xüsusi bir anlaşma baş tutub. Birləşmiş Ştatlar üçün bu anlaşmanın mahiyyəti Ukraynada Rusiyanın hədəflərə çatmasına imkan yaratmaqla, həm Ukraynadan, həm də Rusiyadan istənilən payı almaqdan ibarətdir. Biz ABŞ-ın yeni administrasiyasının bu istiqamətdəki gedişlərini Tramp hakimiyyətə gəldiyi ilk gündən görməyə başlamışıq. Trampın Ukraynanın nadir metallar və digər faydalı qazıntı yataqlarının, habelə limanlarının birgə istismarına dair təşəbbüsləri dediklərimizin sübutudur. Bu istiqamətdə ABŞ artıq Ukrayna ilə nadir metal yataqlarının birgə istismarına dair müqavilə imzalanmasına nail oldu. Ukrayna ilə bağlanan bu müqavilə ətrafında mübahisələr getdiyi bir dönəmdə isə Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa müraciət edərək, bu qəbildən olan layihələri birgə reallaşdırmağa hazır olduqlarını bəyan etdi. Əslində ABŞ-ın Rusiya-Ukrayna arasında sülh yaratmaq səylərinin müqabilində Rusiyadan ciddi bir pay almaq planları mövcud idi. Lakin Birləşmiş Ştatlar bu istəyini ortaya qoymazdan öncə Rusiya özü belə bir təşəbbüsdə bulundu. Hesab edirəm ki, Putinin bu təklifindən sonra Rusiya ilə ABŞ arasında gizli bir anlaşma baş tutub. Rusiyanın sülh masasına oturmaması, sülh danışıqları və ya atəşkəs haqqında bir-birinin ardınca yalan bəyanatlar verməsinə - bir sözlə, hər vəchlə müharibəni uzatmasına - ABŞ-ın isə buna göz yumması anlaşılan deyil. Əslində hər şey anlaşılandır. ABŞ Prezidenti bütün məsələlərin həllinə biznes prizmasından baxır və onun Rusiya-Ukrayna münaqişəsinin həlli yolundakı səyləri də ilk növbədə bu maraqlara xidmət edir. Rusiyanın İstanbulda sülh danışıqlarını davam etdirmək "səyləri" isə sadəcə şoudur. Bu görüşdə heç bir anlaşma mümkün olmayacaq. Çünki hər hansı bir anlaşmanın olmasını Rusiya istəmir.

Bu gün Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən bütün hadisələr çox təəssüf ki, ABŞ-ın da dəstəyi ilə Vladimir Putinin ssenarisi üzrə davam edir".

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva isə bu danışıqları ilkin mərhələ sayır: “Türkiyədə baş tutacaq Rusiya-Ukrayna danışıqları mümkün sülh prosesinin ilkin mərhələsidir. Tərəflər ən ali səviyyələrdə bir-birinin mövqeləri ilə tanış olacaqlar. Bu baxımdan, İstanbul danışıqlarından ciddi nəsə gözləmək mümkün deyil. Amma məsələ burasındadır ki, kövrək atəşkəs məsələsi bu danışıqlardan sonra daha da möhkəmlənmiş status ala bilər. Fikrimcə, Rusiya Prezidenti bu danışıqlara qatılmayacaq. Artıq Kremlin rəsmi dairələri də bu barədə müəyyən fikirlər səsləndirirlər. Əgər Birləşmiş Ştatlar prezidenti İstanbula gələrsə, o zaman Putin də Türkiyəyə təşrif buyuracaq. Bəlkə də Kreml rəsmiləri "Putin İstanbula gəlməyəcək" mesajını Vaşinqtona məhz buna görə ötürürlər. Yəni Rusiya Ukrayna məsələsini Zelenski ilə yox, Trampla müzakirə etmək istəyir. Bir sözlə, Moskva Kiyevdən yox, Vaşinqtondan etibarlı zəmanət almağı düşünür. Üstəlik, üç il öncə Putin Zelenskini terrorçu və nasist simasında təqdim edirdi, indi vaxtilə neo-nasist adlandırdığı şəxslə eyni masa arxasında oturmaq istəmir. Rusiya cəmiyyəti də Vladimir Vladimiroviçin bu tutumuna birmənalı baxmayacaq. Danışıqların ilk mərhələsi olduğu üçün Donald Trampın bu tezliklə İstanbula gələcəyi inandırıcı deyil. Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski maraqlı bəyanat verib. O deyib ki, Putin ondan qorxduğu üçün təkbətək danışıqlara qatılmaq istəmir. Əlbəttə, bu, reallıqdan uzaq, ən yaxşı halda təhrikedici ifadədir. Çünki savaş meydanında üstün tərəf Ukrayna yox, Rusiyadır. Putindən fərqli olaraq Zelenski İstanbula gedəcək və Türkiyə rəhbəri Ərdoğanla görüşəcək. Daha sonra danışıqlar prosesini öz iqamətgahından izləyəcək və təlimatlarını verəcək. Bir daha deyirəm, İstanbul danışıqları ilkin mərhələdədir və bu proses hələ uzun həftələr davam edəcək".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə öz Facebook profilində bu görüş barədə maraqlı bir status paylaşıb: “Putin "15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq" təklifini irəli sürəndə Zelenskinin “İstanbulda səni gözləyəcəm” reaksiyasını gözləmirdi. Putin “təmaslar” deyərkən özünün Zelenski ilə görüşünü nəzərdə tutmurdu. Yəqin Putin düşünürmüş ki, Zelenskinin 2022-ci ildə Rusiya Prezidenti ilə görüşə qadağası olduğundan Ukrayna Prezidenti bu qadağanı pozmaz. Ancaq Zelenski bu qadağadan imtina edərək Putinlə görüşə hazır olduğunu bildirib.

Putin çətin vəziyyətə düşüb. Çünki onu İstanbulda yalnız Zelenski gözləməyəcək. Kreml sahibinin dostları Türkiyə və ABŞ prezidentləri Rəcəb Təyyub Ərdoğanla Donald Tramp da Putini İstanbulda görmək istəyirlər. Tramp hətta ərəb ölkələrinə səfərini korrektə edərək 15 mayda İstanbula gəlməyə hazırdır. Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür. Putinin Ərdoğana və Trampa isti münasibəti var. Ona görə Putinin mətbuat katibi Dmitri Peskov prezidentin İstanbula getməyəcəyini, Rusiyanı danışıqlarda başqalarının təmsil edəcəyini bildirsə də, fikrimcə, Kreml sahibi hələ son qərarı verməyib. Ukrayna ilə yanaşı Rusiyanın da itkilərlə müşahidə edilən və yorğun düşdüyü müharibədə uzunmüddətli atəşkəs elan etmək üçün İstanbul yaxşı fürsətdir. Kreml sahibi şəxsən İstanbula gələrsə, atəşkəslə yanaşı Ərdoğana çoxdan vəd etdiyi Türkiyə səfərini reallaşdıracaq və çoxdan arzuladığı Trampla görüşəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR