Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp 15 may 2025-ci ildə Kanadanın Toronto şəhərində keçirilən Consensus 2025 konfransında iştirak edib. Kriptovalyuta, blokçeyn və süni intellekt sahələrində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab olunan bu konfransa 15 minə yaxın iştirakçı qatılıb. Erik Tramp bu tədbirdə əsas çıxışçılardan biri olub.
Konfrans zamanı Erik Tramp ailəsinin illərlə davam edən siyasi hücumlara məruz qalmasından sonra kriptovalyutalara marağının artdığını bildirib: “Onlar ailəmi ləkələməyə çalışdılar. Biz isə öz maliyyə sərbəstliyimizi qorumaq üçün bu sahəyə yönəldik” – deyə o çıxışı zamanı vurğulayıb.
Tramp çıxışında “Bitcoin”i “rəqəmsal qızıl” adlandıraraq, onun daşınmaz əmlakla müqayisədə daha çevik və likvid olduğunu söyləyib: “Əgər siz daşınmaz əmlakı satmaq və ya hərəkət etdirmək istəyirsinizsə, bu zaman aylarla vaxt lazım olur. Amma Bitcoin ilə bu saniyələr içində mümkündür”.
Consensus 2025 çərçivəsində Erik Trampın iştirak etdiyi ən önəmli anlardan biri də onun təsis etdiyi yeni mədənçilik təşəbbüsünün – “American Bitcoin” layihəsinin təqdimatı olub. Bu təşəbbüs “Hut 8” şirkəti ilə əməkdaşlıq əsasında həyata keçirilir və 50 EH/s-dən artıq mədənçilik gücü ilə dünyanın ən iri və səmərəli “Bitcoin” mədənçisinə çevrilməyi qarşıya məqsəd qoyur.
Oğul Trampın sözlərinə görə, bu layihə Gryphon Digital Mining şirkəti ilə birləşərək yaxın zamanlarda birbaşa ictimaiyyəti cəlb edən bir platformaya çevriləcək.
Azərbaycandan da maraq var
Maraqlıdır ki, konfransda iştirak edənlər arasında Azərbaycandan olan bloger Ərhun Abbaslı da olub. O, Erik Trampın çıxışından və konfransın ümumi ab-havasından ibarət eksklüziv görüntüləri və bu xəbəri hazırlayıb. Həmin videoları Musavat.com öz oxucularına təqdim edir.
Konfransla bağlı daha ətraflı məlumat almaq və təqdim olunan texnoloji trendlərlə tanış olmaq istəyənlər CoinDesk-in Consensus 2025 saytına müraciət edə bilərlər.
Azərbaycanlı bloger Ərhun Abbaslı 3.5 milyard dollar kripto vəsaiti olan "VeChain"-in CEO-su Sunny Lu (Sanni Lu) ilə.
Erik Tramp tədbirdən sonra iştirakçıların suallarına cavab verir
Ərhun Abbaslı,
Musavat.com
Toronto, 15 May 2025
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ