İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifəti yenə keşiş “təklif edir” – Bagratdan Ajapaxyana: Baş nazir kreslosuna yeni “namizəd”

Ermənistanda siyasi səhnə artıq tragikomediyaya çevrilməkdədir.

Musavat.com xəbər verir ki, müxalif “Ermənistan” fraksiyası bu dəfə də baş nazir postuna din xadimini təklif edir. Fraksiyanın deputatı Aqnessa Xamoyanın bəyanatına görə, onlar Paşinyana qarşı impiçment proseduruna başlamaq niyyətindədirlər və bu proses çərçivəsində arxiyepiskop Mikael Ajapaxyanın baş nazir postuna namizədliyini irəli sürmək istəyirlər.

Bu, Ermənistanda kilsənin siyasətə birbaşa müdaxiləsinin daha bir nümunəsi olsa da, məsələ təkcə bununla məhdudlaşmır. Maraqlı məqam budur ki, bu mövsüm müxalifət artıq ikinci dəfədir ki, baş nazir postu üçün keşiş “dəyişir”. Əvvəlki favorit – keşiş Baqrat idi. Xatırladaq ki, keçmişdə “gözlənilən xilasçı” obrazı ilə Paşinyanın alternativi kimi təqdim edilən Baqrat indi artıq həbsdədir.

Buna baxmayaraq, müxalifət və ona bağlı dairələr heç bir siyasi hesabat vermədən və keşiş Baqrata ən kiçik mənəvi loyalıq göstərmədən indi də Ajapaxyanı “yeni ümid” kimi cəmiyyətə sırımaq istəyirlər. Sanki “sezon sonu” gələndə siyasi serialın aktyor heyətində dəyişiklik olur – keçmiş keşiş baş roldan çıxarılır, yeni keşiş yerinə gətirilir.

Siyasi müşahidəçilər bu gedişi müxalifətin ideoloji və liderlik böhranının göstəricisi hesab edir. Ənənəvi siyasi partiyalar xalqa alternativ lider təqdim etmək yerinə, keşiş libasında populist simalarla siyasi qazanc əldə etməyə çalışırlar.

Bu yanaşma, həm də kilsənin cəmiyyət içindəki simasının siyasi müstəviyə daşınması və onun istismarına işarədir. Müxalifət elə bil ki, siyasət meydanında artıq bütün fiqurlarını itirib və yeganə “qurtarıcı vasitə” olaraq keşişləri qabağa verir.

Hazırda müzakirə olunan Ajapaxyan – kilsə dairələrində tanınmış arxiyepiskop – bir neçə gün əvvəl Ermənistan İstintaq Komitəsinə çağırılıb. Bu gün böyük "konsert"dən sonra o, istintaqın çağırışına gedib.

Müşahidəçilər bildirirlər ki, Paşinyanın kilsəyə qarşı sərt mövqeyi fonunda bu təklif həm siyasi, həm də ideoloji ritorika kimi oxunur. Amma artıq cəmiyyətin bu “keşişli qurtuluş” ssenarilərinə necə baxacağı isə açıq sualdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR