Onlayn ictimai-siyasi qəzet
Ermənistan mediasında və ictimaiyyətində geniş müzakirələrə səbəb olan çevriliş planı ilə bağlı sənədlər ortaya çıxmağa davam edir.
Musavat.com xəbər verir ki, erməni Telegram kanallarında yayılan yeni fotoşəkildə müxalifətin kütləvi aksiyalar və mümkün çevriliş ssenarisi ilə bağlı təlimat sənədinin mətnləri əks olunub.
Sənədin ən diqqətçəkən hissəsi isə aşağıdakı cümlə ilə bağlıdır:
“Rusiya tərəfinin nümayəndələrinin iştirakı ilə bir neytral ölkədə bütün əsas aktorların toplantısını təşkil etmək lazım gələ bilər”.
Bu ifadə Ermənistan daxilindəki xaos planlarının arxasında xarici təsirlərin – xüsusilə Rusiyanın mümkün koordinasiya rolu haqda ciddi suallar doğurur. Qeyd edək ki, sənəddə “bütün əsas aktorların toplantısı” ifadəsi çevriliş planının sadəcə daxili mübarizə olmadığını, eyni zamanda beynəlxalq platformalarda koordinasiya cəhdlərini ehtiva etdiyini göstərir.
Sənəddə həmçinin etirazlarda “uşaq qalxan” taktikasından istifadə, “dini motivli” çağırışların səsləndirilməsi, və “son video bəyanatların strateji şəkildə yayılması” ilə bağlı təlimatlar da yer alır.
Ekspertlər bu faktları Ermənistanda sadəcə hökumətə qarşı etiraz yox, dərin strukturlaşmış, planlı və xaricdən yönləndirilmiş bir rejim dəyişiklik planı kimi qiymətləndirirlər.
Erməni kanallarında yayılan bu sənədlər artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin də diqqət mərkəzindədir. Prosesin hüquqi qiymətləndirilməsi və genişmiqyaslı istintaqın başlanması gözlənilir.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ