Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında həyata keçirilən dyişikliklər ilk növbədə, Vətən müharibəsində Qələbəmizin parlaq nəticəsidir və Ali Qanunumuzun bütövləşməsi, tamlığına qovuşması ölkəmizin həyatında konstitusion islahatları həyata keçirməyə imkan verdi.
Musavat.com bildirir ki, bunu Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili qeyd edib ki, əks halda, separatimzin mövcud olduğu şəraitdə unitar quruluşumuzun və dövlət idarəçilyindəki ierarxiyanın: bir dövlət-bir prezident-bir konstitisya prinsipinin tətbiqini qeyri-mümkün edərdi: “Ona görə də əldə olunan parlaq hərbi Zəfərimizin indi ölkəmizin bütün coğrafiyasında-onun hər kvadrat metrində gerçəkləşməsinə yol açması tarixi hadisədir və biz indi mühüm milli əhəmiyyət daşıyan hüquqi aktı müzakirə edirik.
Əlbəttə, Naxçıvana muxtar diyar, daha sonra respublika statusunun verilməsi bilvasitə xalqımızın son 100 ildə yaşadığı ağır tale ilə birbaşa bağlıdır. Torpaqlarımızın itirilməsi, Qərbi Zəngəzurun Ermənistanı qurmaq üçün ona təslim edilməsi nəticəsində Naxçıvanın coğrafi ayrılığı nəticəsində belə bir hüquqi-siyasi və ictimai gerçəklik meydana çıxdı. Lakin son 100 ildə həmin status Naxçıvanın qorunmasına, hüquqi və siyasi subyekt və Azərbaycanın ayrılmaz hissəsi kimi formalaşmasına, mədəni-sosial və iqtisadi həyatı ilə bərabər təhlükəsizliyinin təmin olunmasına imkan verdi. Xüsusilə, Qars müqaviləsinin üzərində dayandığı təməllər məhz həmin ayrıdüşmənin qarşısında duran ən mühüm dayaqlardan birinə çevrildi.
Sovetlər birliyinin ərazi və etnik-milli mənsubiyyət amilinə görə müəyyənləşdirdiyi muxtariyyət statusu faktiki olaraq, nə qədər ideoloji maraqlara xidmət edirdisə də indiki halda Naxçıvanın Azərbaycanın tərkibində üstün idarəetmə subyekti kimi səlahiyyətlər qazanması sonrakı illərdə ucqar diyarı qorumağa yol açdı. Xüsilə də 90-cı illərdə Ulu Öndərin SSRİ rəhbərliyindən xalqımıza dönüşü və faktiki Azərbaycanı məhz Naxçıvandan başlayaraq, xilas etməsi milli tariximizin həm də hüquqi-siyasi tərcümeyi-halıdır. O zaman Heydər Əliyevin müstəsna qərarları həm də onun Ali Məclisin sədri olması ilə bağlıdır, nəinki kiçik bir coğrafiyanı qoruduğunu, eləcə də sonra bütün xalqımızın qurtuluşunda mühüm rol oynadığını qəbul edirlər. Status və Konstitusiya hesabına torpağı qorumaq nümunəsi, müdafiəsini təşkil etməsi Heydər Əliyevin liderliyi ilə öz təntənəsini tapdı.
İndi Ali Baş komandan İlham Əliyev yeni tarix yazır və o, Leninin, sonun silahdaşlarının qərarlarını dəyişir, yeni regional-beynəlxalq gerçəklik yaradır”.
Z.Oruc vurğulayıb ki, lahiyə tarixi dəyişən şəraitin nəzərə alınması ilə, idarəçilikdə yerli ikiliyi-qanunverici orqanı rəhbəri üçün nəzərdə tutulan səlahiyyətlərin dəyişdirilməsi ilə hakimiyyət bölgüsü prinsipinin bütöv ölkəmizdə bərqarar olunmasına yol açdı: “Dəyişikliklər məhz hüquqi xarakter daşıyır və blokada şəraitində yaşayan, lakin Zəngəzur yolunun açılması ilə coğrafi bütövlüyünə qovuşacaq bir ərazi vahidinin inkişafına xidmət edir. Eyni zamanında, ona müxtəlif ali dövlətiçilik səlahiyyətlərinin verilməsi düzgün və strateji məqsədlərə xidmət edirdi. Dövlətimiz Qarabağ savaşını təkcə ordu və iqtisadi quruculuqla, beynəlxalq əlaqələrini gücləndirməsi və müttəfiqlərini artırması ilə deyil, eləcə də müxtəlif hüquqi tədbirlərlə aparırdı. Lakin artıq ölkəmizdə müharbədən sonra yeni hüquqi şərait formalaşıb. Naxçıvanın inkişafı üçün operativ və birbaşa idarəçiliyi bərqərar etmək üçün konstitusion islahatları millətimiz də müdafiə edir. Çünki sənəd gələcəkdə Naxçıvanda kadr quruculuğuna və çevik qərarların qəbuluna yol açır. Ona görə də layihəni təqdir edirik və onun gələcək inkişafa xidmtə edəcəyinə dərindən inamımızı bildiririk”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ