Onlayn ictimai-siyasi qəzet
"Yaxın Şərqdə İsrailin İrana qarşı hücumlarının başlaması, iki ölkə arasında eskalasiyanın dərinləşməsi Cənubi Qafqazda da geosiyasi reflekslər doğurur. Bu prosesin regional təzahürləri ilk növbədə Naxçıvan Muxtar Respublikasında idarəetmə ilə bağlı dəyişikliklər və Azərbaycan-Ermənistan münasibətləri üzrə cərəyan edən yeni dinamikalarla özünü göstərir.
Musavat.com xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi-analitik Aqşin Kərimov bildirib. Onun sözlərinə görə, hazırda ABŞ və İran arasında razılaşdırılmış sövdələşmə kodeksinə əsasən danışıqlar davam edir. Vaşinqtonun İrana qarşı mümkün hücumlarını müzakirə etdiyi bir vaxtda Donald Tramp tərəfindən verilən ziddiyyətli açıqlamalar situasiyanı daha da mürəkkəbləşdirir. Əgər bazarlıq baş tutarsa, ABŞ ilə İran Cənubi Qafqazda ortaq maraqları əhatə edən layihələrə yönələ bilərlər".
Ekspert qeyd edib ki, İran İsrailin təzyiqlərinə qarşı müqavimət göstərsə də, onun regiondakı proksi şəbəkələrinin fəaliyyətsizliyi diqqət çəkir. Bu sükut, Yaxın Şərqdə vəkil qüvvələrin funksionallığının zəifləməsi fonunda onların Cənubi Qafqazdakı hücrələrinin də necə işlədiyini gündəmə gətirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri də bu fonun mühüm hadisələrindəndir. Səfər çərçivəsində Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı baş tutub. Bu, texniki məqam olmaqla yanaşı, həm də Azərbaycan-Türkiyə birliyinin Naxçıvan və Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə yeni formasını nümayiş etdirir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı təqdim edilən Konstitusiya qanun layihəsi isə artıq ölkə ictimaiyyətində geniş müzakirələr doğurub. Bu, yalnız hüquqi dəyişiklik deyil, həm də Cənubi Qafqazdakı güc balansının yenidən qurulması istiqamətində atılan strateji addım kimi qiymətləndirilir".
Analitikə görə, prosesin məntiqi davamı olaraq Azərbaycanın bu ərazi ilə quru bağlantısının təmin edilməsi üçün Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmə gəlir. Ardınca isə Naxçıvanın muxtariyyət statusunun gələcəkdə dəyişdirilməsi ehtimalı ön plana çıxır.
Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə etdiyi tarixi səfər də bu konteksdə xüsusi əhəmiyyət daşıyır. Səfərin, həm Naxçıvanla bağlı Konstitusiya dəyişiklikləri, həm də Zəngəzur dəhlizi mövzusunu müşayiət etməsi təsadüfi deyil. Paşinyanın bu səfəri eyni zamanda Ermənistanda keçiriləcək seçkilərdə mövqeyini qorumaq məqsədilə Türkiyə və Azərbaycan müttəfiqliyinə güvəndiyini göstərir. Bu siyasətin alternativləri isə Rusiya, İran, ABŞ və Fransa kimi gücləri prosesdən kənarda saxlamaq cəhdidir".
"Rusiya Prezidenti Vladimir Putinin yeni dünya düzəninin qaçılmaz olduğunu vurğulaması Moskvanın Cənubi Qafqazdakı siyasətində, xüsusilə Zəngəzur dəhlizinə dəstəklə əlaqədar prioritetlərinin dəyişmədiyini göstərir.
Son olaraq, Çin və Böyük Britaniyanın Cənubi Qafqazdakı mövcudluğunun artması diqqətəlayiqdir. Yeni dünya nizamında bu iki gücün bölgədə hansı maraqları güddüyü və hansı mövqedə dayanacağı qarşıdakı mərhələnin əsas göstəricilərindən biri olacaq, deyə Aqşin Kərimov vurğulayıb.
Afaq Mirayiq,
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ