İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli bəyin pasportu

Gədəbəydəki qızıl yatağı üzrə ekoloji araşdırma bugünlərdə yekunlaşdı, kəndlilər daha evlərində rahat yata bilər. Deyir gölün suyu zəhərli olmağına zəhərlidir, lakin içməsən heç zad olmaz.

Mükəmməl rəydir. Doğrudan da, evimizə verilən elektrik də adamı öldürür - əlini vursan. Qazı açıq qoysan, adamı boğar. Ya da partlayar. Hətta şair demişkən, artıq içiləndə su belə dərd verir.

İnsafən, qızıl zavodunu işlədən əslən iranlı amerikalı (bizim amerikalımızın da iranlı çıxması Azərbaycanın necə geopolitik məkan olmasının növbəti isbatıdır; Xankəndi ermənilərinin rusiyalı çıxması kimi) brifinqdə üzrxahlıq elədi, gölə axıdılan sianidin əslində zərərli olduğunu kəndlilərə başa salmadıqlarını söylədi. Bu, vacib üzrxahlıqdır. İnşallah, indən belə Söyüdlü camaatı o göldə çimməz, suyundan içməz, paltar yumaz, içində qaz-ördək saxlamaz və sairə.

Yuxarıda yazdığım təhlükəli maddələrlə bağlı vaxtaşırı dövlət xəbərdarlığı alırıq. Qaz idarəsi gəlir, dəftər açır, təhlükəsizlik qaydalarına qol çəkdirir. Su idarəsi haçan su kəsiləcək, məlumat verir, deşiklərə paz çalırlar, evdə olmayan sakinlərə kefləri istəyən qədər ödəniş yazırlar. Elektrik də məlum məsələdir, biz uşaq olanda hər yerdə tok vurmuş skelet kəlləsi (bəlkə də kəllə skeleti - hər iki variantı saxlayıram, ana dilindən testə hazırlaşanlar üçün) şəkilləri olardı. Şəxsən mən bu kəllə şəklinə görə fizikanın elektrik bölməsinə nifrət eləyirdim. Uşaqlıq travmasıydı. SSRİ elə ona görə dağıldı.

Sözümün canı odur ki, hər işdə dövlətçilik fəlsəfəsi, vətəndaşların məlumatlandırılması vacibdir. Bax, elə bugünlərdə xəbər aldıq, deyir Binəqədinin bəzi əraziləri Sumqayıta veriləcəkdir. Çox yaxşı, yerində verilmiş qərardır. Alqışlayırıq. Təklif edirəm “20 Yanvar” metrosunu da Sumqayıta versinlər, nəticədə camaat əziyyət çəkməsin. Metrodan çıxan kimi, Sumqayıtda olursan - bundan gözəl, tədbirli qərar varmı? Yoxsa indi “20 Yanvar”ın üstü dəlixanadır, Sumqayıta aparan manatlıq taksilər az qalır xalqı ayaqlasın, basabas, tıxac, səs-küy, ekstremizm, separatizm, fanatizm... Tək Sumqayıt məsələsi deyil, o metronun bəzi başqa çıxışlarından da rayonlara daimi marşrutlar vardır. Adamı tutub rayonlara aparırlar. Bir dəfə məni Biləsuvara aparırdılar, Ələtdə düşüb qaçdım. Yalandan demişdim ki, Ələt iqtisadi zonasına baxım, bu dəqiqə gəlirəm. AXC-Müsavat dövrü çox ağır günlər idi, ehh... “20 Yanvar”ın başqa çıxışları da Biləsuvar, Lənkəran, Astara rayonlarına verilə bilər.

Əlbəttə, bu sözümün əsl canı deyildi, sadəcə, əhaliyə zəruri xəbərdarlıq edirdim ki, metrolardan çıxanda ehtiyatlı olsunlar, sianidli göllərdə çimməsinlər, mərc oyunları oynamasınlar, patı almasınlar, məktəbli dönəri yeməsinlər.

Bir də bu müxalifətin - Milli Şura, AXCP və Müsavatın reinteqrasiyası üçün dövlət proqramları hazırlanması, düşünürəm ki, vacibdir. Əli Kərimliyə nəhayət pasport verilsin. Ya da onu Xankəndiyə köçürdək, orada pasport verilsin. Humanizmdən hamı yararlansın, xeyir vətənə qalsın. Yoxsa haçana qədər İç Oğuz Dış Oğuza yağı düşəcək, Alp Aruz Qazan xana asi olacaqdır, bundan yararlanan Şöklü Məlik obamızı yağmalayacaqdır? Lazım deyil. Məncə, bu haqda fikirləşməliyik. Ən azı hissə-hissə, növbəli şəkildə reinteqrasiya olsun. Məsələn, ilkin mərhələdə AXCP reinteqrasiya edilə bilər. Müsavat onsuz inteqrasiyaya yaxın görünür.

Əlbəttə, ağrılı olacaqdır, 30 illik düşmənçilik tarixi var. Lakin dövlətimiz güclüdür, hazırda istənilən problemi həll etməyə qadirdir. Gəlin bu fürsətdən yararlanaq, səmərəli istifadə edək.

İndi söz əlaqədar təşkilatlarındır.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

08 May 2025

07 May 2025

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025