Onlayn ictimai-siyasi qəzet
Mənim bir dostum var, çox müdrik insandır. Deyir insan geyimə 10 manatdan artıq pul verirsə, başı xarabdır. Özü də həmişə ikinci əl paltarlar geyinir. Əsl sufi dərvişidir, hərçənd, bunun fəlsəfi-əxlaqi mənasını bəlkə də bilmir. Ancaq onun bu “10 manat” limiti şəxsən mənim çox xoşuma gəlib.
Dostumun yadıma düşməyinin mənası isə budur ki, Bakıda bir nəfər gedib camaşırxanaya 2 ədəd pencək verib, lakin həmin pencəklər obyektdən yoxa çıxıbdır. Oğurluq işi hüquq orqanlarına da çatdırılıb. Çünki pencəklərin yiyəsi onların hər birinin 3 min dollara alındığını iddia edir. Üst-üstə 10 min manatdan çox ziyan gördüyünü söyləyir.
Maraqlısı isə adamın pencəkləri təmizləməyə verəndə işçilərə bunların 7 min dollara alındığını söyləməsidir. “Qarğa, məndə qoz var” məsəlinin canlı örnəyi. Böyük ehtimalla qiyməti deməsə indi pencəkləri alıb getmişdi, heç dağa-daşa düşməzdi, şikayətçi olmazdı.
Yenə qeyd edirəm, mənim üçün pencəyə 3 min dollar qiymət qoymaq, onu satan və alanların varlığı harınlıq əlamətlərindən biridir və heç vaxt bu cür özəl, brend xəstələrini başa düşməmişəm. Ancaq indiki halda buna qurşanmısansa, buyur, ona uyğun da həyat yaşa. Məsələn, 7 minlik pencək alanın şəxsi quru kimyəvi təmizləmə aparatı almağa da pulu olmalıdır. O cümlədən, həmin pencəkləri qorumaq üçün pencək qoruması saxlaya bilər. Varlığa darlıq etmək olmaz, xüsusilə həmin varlıq şübhəli üsullarla əldə edilibsə.
Hətta yaxşı olar pencəyin mətbuat katibi xidməti yaradılsın, oğurlananda qəzetlərə məlumatı o çatdırsın. Pencəyin bədii şurası yaradılmalıdır, hansı şalvarla, köynəklə, hara geymək olar-olmaz, bunları müəyyən etməlidir. Hər cibi üçün ayrıca fond, yaxası üçün medallar düzəldilməlidir.
Mənim 3 min dollarlıq paltarım olsa onun yaşaması üçün ayrıca ev tutardım. Ütüləyən, tozunu çırpan, düyməsini tikən ştatları üçün işçilər götürərdim.
Ümumiyyətlə, bahalı paltarı təkrar geyinmək xəsislik, görməmişlikdir. Çirkləndi, tulla getsin. Bir paltarı ikinci dəfə geyinmək nə deməkdir?! Məsələn, bizim hökumət belə edir. Yolda çala yaranırsa, bütün yolu təzədən çəkirik. Maşın gedə bilməyən yerə təyyarə limanı açırıq. Hansısa idarə işini yarıtmayanda ləğv edib əvəzinə iki dənə həmin idarədən açırıq. Nefti satıb mərmər alırıq, qışda o mərmərin üstündə dombalaq aşıb belimizi qırırıq, sonra belimizin müalicəsi üçün neft pulu ilə xaricdə xəstəxana axtarırıq. Çox maraqlı həyat yaşayırıq, əslində, ancaq bir az mövzudan uzaqlaşdıq.
Bugünlərdə bir video yayılmışdı, uşaqda dəmrov varmış, aparıblar molla yanına, o da uşağın ayağına ərəb hərfləriylə dua yazıb. İndi bəzi molla və həkimlər hadisəni tənqid edir. Deyirlər gərək dərmanla müalicə olsun, xəstəyə tibb işçisi baxsın. Hansı həkimə? O anda mənim yadıma həkimin başına açılan oyun düşdü. Rayonlardan birində olmuşdu təzəlikcə. 3-4 lotu birləşib, bir dostlarını aparıblar həkimə. Sonra yalandan deyiblər ki, adam öldü. Həkimdən kalan pul alıblar. Hətta həkimin avamlığı və qorxaqlığını görəndə ellikcə bunun üzərinə çökmüşdülər. Lotuların az qala bütün qahım-əqrəbası işin içindəydi. Xala, dayı, bacanaq, kirvə və sairə. O gəlib deyib meyid ortada qalıb, pul ver. Bu gəlib deyib polisdənəm, şikayət var, pul ver. Həkimi gözəl şəkildə soymuşlar. Həmişə həkim müalicə eləmir ki? Bəzən həkimi də müalicə edirlər.
Ancaq burada da belə sual ortaya çıxır ki, həmin lotular həkimin o maddi-material vəsaitləri topladığını, vermək imkanında olduğunu necə öyrəniblər? Varsa, verməlisən. Bu temada ata sözümüz var: “Verdin adındır, yedin dadındır, qaldı yadındır”. Söhbət budur. Gərək normal iqtisadiyyat olsun, pul da investisiyada, bazarda fırlanıb pul gətirsin. Bizdə isə ya pencəyə verirlər, ya motala doldururlar. Onu da it gəlir aparır.
Bu yerdə öləndə corabla basdırılmaq istəyən milyonçu haqda hədis olmalıydı, ta onu yazmıram, çünki gələn dəfəyə müəyyən sözümüz qalmalıdır, israfçılıq yazıda da düzgün deyildir.
03 May 2025
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
09 Aprel 2025
08 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
04 Aprel 2025
03 Aprel 2025
02 Aprel 2025
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ