İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı xəttimiz

Maşallah, elə dünyada yaşayırıq ki, hər kəsin dözüm həddi, bir qırmızı xətti varmış. Onu keçən olsa özlərindən çıxırlar.  Məsələn, İrandan çoxlu xəbərlər gəlir, gah məmurlar, gah təbrizli (bu yerdə 89-90-cı illərdə populyar olan “Təbrizim” mahnısını oxumalıyıq) deputat həyəcanlanır, əsəbləşir, deyirlər Naxçıvanla Azərbaycanın qalan hissəsi arasındakı Zəngəzur dəhlizi açılmasın. Guya bu koridor açılsa İranın qırmızı xətti keçilirmiş. 

Şimal qonşumuzun qırmızı xətti çoxdur, lakin əsasən Ukrayna tərəflərdədir. Bunu isə ukraynalı əsgərlər tez-tez pozurlar. Kursk tərəfdə 200 minə yaxın RF vətəndaşı qaçqın düşəndə, xarici bir ordu ölkə ərazisinə girəndə gülməşəkər ekspertlər, beş dəqiqəlik politoloqlar deyirdilər, vəssalam, Rusiyanın qırmızı xətti keçildi, bunun axırı yaxşı olmayacaq. Nə oldu? Heç zad. Bir aydan çoxdur o ərazi işğal altında qalır, Rusiyanın, rus xalqının tükü belə tərpənmir. Çünki oralarda belə ərazi itirmələrinə tarixi immunitet vardır. 1812-ci ildə o ala itdən məşhur “qırmızı xətt” hətta indiki Qırmızı meydandan keçirdi. Napoleon hər yeri tutmuşdu, lakin bilmirdi daha nə eləsin. Axırda da qələbəsinin zibilinə düşdü. Sözgəlişi, ola bilsin Qərbdə məhz o zamanlardan travma qalıb, Rusiya üzərində tam qələbə qazanmağı bu baxımdan istəmirlər. Çünki sonra nə edəcəksən - məlum deyil. 

Bizim qırmızı xəttimiz isə ... “20 Yanvar” metrosunun üstündədir. Zarafat eləmirəm. Bugünlərdə oralardan yolunuz düşsə əcaib mənzərələrə şahid olarsınız: yüzlərlə insan avtomobil yolunun ortasında durub Sumqayıta, Masazıra, Ceyranbatana və başqa yerlərə getməyə maşın gözləyir. 

O karikatur durumu paytaxtın nəqliyyat infrastrukturuna başçılıq edən “aqillər” yaradıb. Birincisi, manatlıq taksiləri, rayonlara adam daşıyanları metronun üstündən qovublar. Onlar da gedib ara məhəllələrdə gizlənir, gəlib metronun başından kliyent tutur, sonra aparıb həmin gizli, əsrarlı dalanlarda maşına mindirirlər. Sanarsan “Baharın on yeddi anı” filminin çəkilişləri gedir, Ştirlits də aşkara çıxmamaq üçün Berlində gizlənir. Ya da, nə bilim, Polad Alemdar İstanbulun “arka sokaklarında” Memati ilə düşmən qovalayır. 

İkincisi, avtobuslar yoxa çıxıb, lakin avtobus zolaqları açılıb, ora girənləri cərimə edirlər deyə yolların sağında boşluq qalır. Camaat isə oranı doldurub ikinci zolaqdan taksi tutmaq istəyir. Nəticədə belə absurd durum yaranır. Bunu fikirləşməyə hətta eks nəqliyyat nazirimiz Ziya müəllimin də ağlı çatmazdı. Unikal mənzərələrdir. Analoqu yoxdur.

Üçüncüsü, magistral və küçələrin ətrafına Çin səddinə oxşayan hündür, metal hasarlar çəkiblər. O üzdən xalq hasarı aşıb, ya da haradasa deşik tapıb yola girir, evinə, iş-gücünə getməyə eşşək arabasından-zaddan arayır, bu zaman geriyə yolu olmur. Çünki hər tərəf hasarlanıb! Əgər hansısa avtomobilin əyləci tutmasa, iraq olsun, o yollarda kütləvi qırğınlar qaçılmazdır. Buna kim cavab verəcək? 

Ədalətli, Allahtərəfli sistem olmalıdır. Bu temada Günel Hacıbəylidən bir məktub: “Bir gün atam, kəndçimiz Ədalət baba, onun oğlu Fikrət və başqa 2 qohumumuz balığa gedir. Balığa gedəndə qızıl qayda var, nə qədər ov olsa, gedənlər arasında bölünür. Xeyli balıq tuturlar. Ədalət babada da ədalətdən əsər-əlamət yox idi. Görüb balıq çoxdur, deyib mən böyüyəm, mən böləcəm: "Mənə biri, Fikrətə biri, maşına görə yenə mənə biri, Gülnaz (Ədalətin arvadı) bizə çay verib, ona da biri, tora görə biri... Atamgil görüb bunlara heç nə qalmır, küsüb gedirlər. Aradan bir az vaxt kecir, Ədalət baba atamı görüb deyir ki, Şamil, bala, gəl balığa gedək. Atam deyib istəmirəm. Ədalət baba deyib ki, qorxma, bu dəfə Allahtərəfi olacaq".  






ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025