Onlayn ictimai-siyasi qəzet
İl qurtarmaq üzrə idi, xalq olduqca nigaran qalmışdı ki, birdən hökumətin başı qarışar, Xüsusi Karantin Rejiminin (artıq həyatımızın ayrılmaz parçası olan bu quruluşa abbreviatura, qısaltma düzəltmək zamanıdır) müddətini uzatmazlar. Çünki rejim 2025-ci il yanvarın 1-nə keçən gecə, düz saat 24:00-da bitməli idi.
Şükür. Dünən Nazirlər Kabinetinin sədri, hörmətli Əli müəllim XKŞ-nin müddətini 2025-ci il aprelin 1-i saat 06:00-dək uzatdı. Deməli yenə Ağstafadan çayın o üzündəki Marneuliyə getmək istəyən zəhmətkeşlərimiz 500 kilometr geri qayıdıb Bakıda uçağa qonmalı, ordan Tiflisə uçmalı və arabadan-zaddan tapıb təzədən Marneuliyə çatmalıdır. Möhtəşəm qrafikdir. Azərbaycanı tanıyırıq, sevirik. Hər qarışında izlərimiz qalır. Mənim Ağstafanın Poylu kəndindən dostum var, XKŞ hesabına həyatında ilk dəfə Ucar və Zərdabdan keçib. İndiyəcən təəssüratlarını bölüşür. Deyir ən çox Kürdəmirin təbiətini sevdim.
Hələ yüksək inkişaf yolu keçən, regional proqramlar sayəsində de-fakto Baden-Badenə dönmüş Balakəndən və Zaqataladan Rasiyanı dirçəltmək üçün humanitar proqramla gedən zəhmətkeşlərimizin Türküstan çöllərinə eniş ehtimalını yazmıram.
Bəzi nankor vətəndaşlar da var, iddia edir ki, guya koronavirus çoxdan qurtarıb, XKŞ niyə qurtarmasın, quru sərhəd açılmalıdır, ey əziz anam, Azərbaycan, və sairə və ilaxır...
Faktlar əksini göstərir. Elə ən son MDB sammitində Paşinyan niyə iştirak etmədi? Yadınıza salın. Əlbəttə, sərf eləmir axı. Faktları qulaq ardına verməyə öyrəşiblər. Qoyasan elə çirkin müxalifətçilik etsinlər. Yaxşı, siz unutmusunuz, mən yazıram: Paşinyan koronavirusa yoluxmuşdu. KOVİD-19 testi müsbət çıxmışdı. Bu adam isə sərhədimizdə yaşayır. Əgər orda üzünü qəsdən bizə tərəf tutub yüngülvari asqırsa-öskürsə, virus bəri keçər, yenidən yoluxma sayı artar. Hələ iş yerini bağla, küçəyə yalnız iti olanlar çıxsın, maska taxıb yemək yemək, nə bilim, toya qadağa, ölünü ehsansız, dovğa və banansız basdırmaq... Dəhşət idi. Bu müsibəti nə tez unutduq? Ah-vay...
COVİD virusları küçədə, tində-bucaqda oturub gözləyirlər. Sözgəlişi, arada yenə küçələri dərmanlamaq lazımdır. Yoxsa unutqan xalqdır.
Unutqan demişkən, məncə hökumət hər dəfə bu XKŞ müddətini uzadanda oğrunun yadına daş salmış kimi olur. Nəyə lazımdır axı!? Xəbər vermədən uzatmaq olmazmı? Hətta yaxşı olar ömürlük XKŞ elan edilsin. Min illik, məsələn. Guya nə olacaq ki. Heç kimin vecinə də olmaz. İndiki halda isə hər üç-beş aydan bir Nazirlər Kabineti vasitəsiylə millətin yadına salınır ki, ölüvay şeylərik, virus təzədən pırtlasa hamımız milçək kimi qırılarıq. Bu da insanları bir qədər, çox yox, yüngülvari, azca, virus boyda dilxor edir. Axı biz təriflənməyi xoşlayırıq. Tənqidi yox, tərifi sevirik. Vurub-yıxan, atıb-tutan olmaq, daha dəqiqi, sayılmaq əhvalımızı yaxşılaşdırır. Biz yumruqla donuzu darıdan çıxardan adamlarıq, sən isə bizi gözəgörünməyən, cücü boyda mikrobla ürküdürsən. Lazım deyil. Mümkünsə, bunu həmişəlik edin, elanını da yığışdırın. Bir ata sözümüzdə deyilən kimi, xoruz olmasa da sabah açılır.
XKŞ-ni vacib edən başqa faktı lap təzəcə ABŞ kəşfiyyatı açıqladı. Deyir virusun Çində laboratoriya məhsulu olması sübuta yetmişdir.
Buyur. Sən Amerika kəşfiyyatından çox bilirsənmi? Oturun yerinizdə. Dünyanı da görmək istəyən olsa, Google-da yaxşı xəritələr var, açın, baxın. Yuxarıdan, böyürdən, altdan-üstdən... Hər cür mənzərə görünür. Hətta okeanın dibinə baxmaq istəsən, aç, bax. Bu haqda da ata sözümüz var: “Çox gəzən çox bilməz, çox oturan çox bilər”.
15 Avqust 2025
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025
10 Avqust 2025
09 Avqust 2025
08 Avqust 2025
07 Avqust 2025
06 Avqust 2025
05 Avqust 2025
02 Avqust 2025
01 Avqust 2025
31 Iyul 2025
30 Iyul 2025
29 Iyul 2025
27 Iyul 2025
26 Iyul 2025
25 Iyul 2025
24 Iyul 2025
23 Iyul 2025
20 Iyul 2025
18 Iyul 2025
17 Iyul 2025
16 Iyul 2025
15 Iyul 2025
13 Iyul 2025
12 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ