Onlayn ictimai-siyasi qəzet
Bilirəm, bir və ya beş yazıyla yazı qaydalarının, qrammatikanın, ümumilikdə ana dilimizin gündən-günə pisləşmə tendensiyasının qarşısını almaq mümkün deyil, amma yenə də çoxillik yazı-pozu təcrübəsinə əsaslanaraq bir şeylər yazmağı vacib sayıram. Bəlkə nəzərə alan, başqalarına da tövsiyə edənlər oldu.
Son illərdə mətbuatda gedən yazılarda buraxılan səhvlər, yanlışlıqlar N qədərdir və artmaqda davam edir. Düzgün, dürüst yazmaq, mətnlərdə səhv buraxmamaq mərhələsi keçmişdə, haqlı olaraq çox şeyini bəyənmədiyimiz sovet dönəmində qalıb.İndi kim necə gəldi yazır və hamı da öz yazdığını düz hesab edir. Halbuki bir ölkənin, şəhərin, digər coğrafi toponimlərin, hətta adamın soyadı müxtəlif nəşrlərdə iki variantda yazılırsa, onlardan biri düz, digəri yanlışdır.
Elə adlar, terminlər də var ki, lap əvvəldən, hətta sovet dövründən bəri hamılıqca yanlış yazırıq.
Məsələn, 3 gün öncə üzərində qazanılmış qələbənin 80-ci ildönümü qeyd edilən nasizm\faşizmi götürək.
SSRİ dönəmində bütün sosialist düşərgəsində əksəriyyət “faşizm”dən danışırdı. Hazırda Rusiya və postsovet ölkələrdə həmin ritorika qalır. Faşizm İtaliyada baş qaldıran siyasi cərəyan olub, tək və millətçi pariyanın mütləq hakimiyyətini ifadə edib. Sözün kökü italyancadakı “fasio”dur (“partiya” deməkdir). Hitlerin ideologiyası isə nasizm pariyası da Nasional-Demokrat Fəhlə Partiyası idi. Qardaş Türkiyədən tutmuş ta ABŞ-yə, Çiliyə qədər bütün ölkələr “alman faşizmi” yox, “alman nasizmi” deyirlər. Zatən, SSRİ-də tək partiya hakimiyyətdə idi və onun lideri “yoldaş Stalin” fürer Hitlerdən və duçe Mussonidən artıq amansız adam idi.
**
Axır illərdə keçmiş SSRİ-nin adını “Sovetlər Birliyi” kimi yazanlar çoxdur. Yanlışdır. Çünki SSRİ abbreviaturasının açması bu cürdür: “Sovet Sosialist Respublikalar İttifaqı”. O dövrdə ölkənin adını ya SSRİ kimi yazır, deyirdilər, ya da ona sinonim olaraq “Sovet İttifaqı” söz birləşməsini işlədir, ortadakı “Sosialist Respublikalar” sözlərini atırdılar. “Sovetlər Birliyi” və ya “Sovetlər” kimi ifadələr yox idi. Ayrıca “sovet dövləti”, “sovet hökuməti” kimi söz birləşmələri də mətnlərdə kiçik hərflə yazılmalıdır.
**
Hindistanın paytaxtının adı “Nyu-Dehli” deyil, Nyu-Delhidir. Yəni L hərfi H-dən öndədir. Bu yanlışlıq 100 ildir ki, davam edir. Ruslarda H hərfi və səsi olmadığından onlar Hindistanın paytaxtının adındakı H-ni ixtisara salıb, şəhərin adını “Deli” kimi yazıb-oxuyublar. Biz isə öz dilimizə uyğun olaraq “Deli”nin H-sini bərpa etmişik, amma nəyə görədə L-dən əvvələ salmışıq. Hindistanlılarla mükalimədə biz ölkənin paytaxtının adını “Dehli” kimi tələffüz edəndə dərhal düzəliş edirlər. Haqlıdırlar. Bizim Gəncəyə “Gəcnə” desələr, xoşumuza gələr?
**
ABŞ-nin ən böyük ştatlarından biri olan və hamımızın “Texas” kimi tanıdığımız ştatın ingiliscədəki adı Teksasdır. Belə tələffüz edirlər. Biz də “taxi” yox, “taksi”, “xerox” yox, “kseroks”, “Marx” yox, “Marks” dediyimiz kimi, ştatı da “Teksas” adlandırmalıyıq. Sadəcə, ispandillilər o ştata “Texas” deyirlər, çünki ispancada o cür səslənir. Teksas ştatı isə ABŞ-yə məxsusdur.
**
Niderlandı nəzərdə tutaraq tez-tez işlətdiyimiz “Hollandiya” termini yanlışdır. Hollandiya Niderlandın əyalətlərindən biridir, bütün ölkəyə şamil edilməməlidir. Dövlətin adı Niderland Krallığıdır.
**
Amerika Birləşmiş Ştatlarına qısaca “Amerika” demək adətimiz var. Yanlışdır. “Amerika” adlı dövlət yoxdur. Amerika qitədir, iki materikdən və arxipelaqlardan ibarətdir: Şimali Amerika, Mərkəzi Amerika, Cənubi Amerika. Bu qitədə 30-dan artıq dövlət var və onların hamısı Amerika dövlətləridir. Paytaxtı Vaşinqton olan ölkənin adı ABŞ-dir, abreviaturası isə yuxarıda açılıb.
**
Liviyanın keçmiş diktatoru Müəmmər Qəzzafinin soyadı “Qəddafi” deyil. Əksəriyyət “Qəddafi” yazır. Bunu ruslardan götürmüşük. Ruslar Ramazan ayına da “Ramadan” deyirlər. 10-15 il öncə “Mediaforum” saytına bu məsələni izah edən ərəbşünas dilçi demişdi ki, “Qəzzafi”yə “Qəddafi” deyiriksə, onda gərək Zülfüqara da “Dülfüqar” deyək. Çünki “Qəzzafi”dəki Z hərfi ilə Zülfüqardakı Z eyni cür yazılır, səslənir.
**
Çorçill və Göbbels kimi tarixi simaların da adlarının düzgün yazılışı bu cürdür, Çerçill və ya Gebbels deyil.
**
Ayrıca əcnəbi adların, xüsusilə də ingiliscədəki variantını yazmaq (məsələn, “Bush”, “Trump”, “Musk”, “McManaman”) düzgün deyil. Onların transkripsiyasına uyğun olaraq, ana dilimizdə düzgün tələffüz edilən formasını öz qrafikimizlə yazmalıyıq. Heç onlar da bizim adımızı “Xalid”, “Elşad”, “Elçin” kimi yazmırlar, “Khalid”, “Elshad”, “Elchin” kimi yazırlar. Nədən ingiliscədəki adlara istisna olmalıdır ki? Bütün hallarda orijinal yazılışdan istifadə etməliyiksə, o zaman Hindistanın baş naziri Narendra Modinin adını ya qucaratca નરેંદ્ર દામોદરદાસ મોદી, ya da indusca नरेन्द्र दामोदरदास मोदी; kimi , İspaniya kralının ad-soyadını da Felipe VI de Borbón y Grecia Kimi yazmalıyıq, hələ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ad-soyadını da ərəbcə verməliyik – orijinalda olduğu kimi. Məşhur avtomobil markalarının adını “Renault” və “Peugeot” kimi yazanda onların “Reno” və “Pejo” olduğunu bilmək üçün fransız dilinin transkripsiyasını bilmək lazımdır. Ölkədə isə fransızdilli adamlar çox azdır.
**
Son vaxtlar bir çox sözlərin baş hərflərini böyük yazırlar. Onlardan biri də “baş” sözüdür. Xüsusilə də vəzifə adlarında belə qeyd olunur. Halbuki vəzifə adları ümumi isimlərdir və kiçik hərflərlə yazılmalıdır.
**
Eyni yanaşma “Hərbi Hava Qüvvələri” və ya “Hərbi Dəniz Qüvvələri”nə də aiddir. KİV abbreviaturasının açması “kütləvi informasiya vasitələri” kimi yazılırsa, HHQ və HDQ-nin açması da kiçik hərflərlə yazılmalıdır. Çünki xüsusi isim deyillər. 150-dən artıq ölkədə mövcud olan silahlı birləşmələrdir. “Ordu” sözü publisistik məqalədə böyük hərflə yazıla bilər, amma xəbərdə kiçik hərflə yazılmalıdır.
**
Bir çoxları informasiyalarda “Dövlət Xəstəxanası” yazırlar. Kiçik hərflərlə yazılmalıdır. Ölkə dövlət xəstəxanaları ilə doludur. “Əmək Yarmarkası”, “Dövlət Proqramı” kimi istilahlar da həmçinin.
**
Leksikonumuzda çox işlənən bir say var – “həştad”. Ölkə əhalsinin 80 (səksən) faizindən çoxu belə deyir. Halbuki “səksən” deməliyik və yazmalıyıq. 1-dən 100-ə qədər rəqəmlərin içində yeganə rəqəm 80-dir ki, dilimizə İrandan gəlib. Çünki o ölkədə “səksən” sözü pis məna verir.
**
Yazılarda hələ də “bu nöqteyi-nəzərdən” kimi söz birləşməsi qalır. Nə ehtiyac var? “Bu baxımdan”, “bu baxış bucağından” kimi yazmaq, demək olar.
**
“Camiə” sözünü çox hallarda “cameə” kimi yazırlar – məsələn, “media cameəsi” kimi. Düzgün deyil. Bunlar qohum sözlərdir. “Came” “məscid” sözünün qarşılığıdır, “camiə” “icma” sözünün qohum sinonimidir.
**
“Cənab” sözü dilimizə möhkəm oturduğundan “cənubdan gələn ağa” demək olduğunu xatırlatmağın bir mənası yoxdur artıq. “Alicənab” sözü də oradandır.
**
Bunlar yazılarımızdakı, leksikonumuzdakı yanlışlıqların bir qismidir. Əslində belə səhvlərimiz çoxdur. Bəzilərinin düzəlməsi isə praktiki olaraq mümkün deyil. Dil Komissiyası qərar verməsə, biz 100 il bundan sonra da Hindistanın paytaxtının adını yanlış yazacaq, deyəcəyik.
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ