Onlayn ictimai-siyasi qəzet
Rusiyanın adamının həbsi, Moskvaya etiraz notası və bundan sonra olacaqlar...
Dünyanın və regionun diqqəti İran-İsrail müharibəsinə yönəldiyi halda, bu hadisələr fonunda Ermənistanda siyasi vəziyyət kəskin şəkildə pisləşib.
Rusiya Prezidenti Vladimir Putinlə şəxsi təmasları ilə tanınan erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan baş nazir Nikol Paşinyanla qarşıdurmada olan erməni Apostol kilsəsinin müdafiəsinə qalxıb. Bundan əvvəl Moskvadan Paşinyanla bağlı tənqidi açıqlamalar verən Karapetyan gözlənilmədən İrəvanda peyda olub və yerli mətbuata müsahibəsində kilsəyə edilən hücumları pisləyib: “Kiçik bir qrup insan Ermənistanın və kilsənin min illik tarixini unudaraq ÜAK-a hücuma keçib”. İş adamı həmçinin vurğulayıb ki, “siyasətçilər kilsəni müdafiə etməsələr, bunu özü edəcək”.
Hakimiyyətə ünvanlanan bu xəbərdarlıq Paşinyanı hiddətləndirib. Baş nazir Facebook hesabında bir sıra qəzəbli yazılar dərc edib. Karapetyanın adı birbaşa çəkilməsə də, ünvan sahibinə heç kimin şübhəsi yox idi. “Bu, Kaluqanın Nijni Tapr kəndi deyil. Bu, Ermənistan Respublikasıdır. Ümid edirəm ki, dövlətin dadı sizin ağzınızda qalacaq”, - Paşinyan yazıb.
Demək olar ki, bu sözlərdən dərhal sonra Ermənistan polisinin xüsusi təyinatlıları Samvel Karapetyanı İrəvandakı villasında saxlayıblar. Sonradan onun barəsində cinayət işi açıldığı məlum olub. Ermənistan İstintaq Komitəsi konkret hansı maddələrlə aparıldığını açıqlamasa da, oliqarxın vəkilinin sözlərinə görə, söhbət hakimiyyəti ələ keçirməyə çağırışlardan gedir. “O, guya açıq şəkildə hakimiyyəti ələ keçirməyə çağırıb, bu, ittihamın əsasıdır. Bu, qətiyyən doğru deyil”, - vəkil Armen Feroyan bildirib.
İyunun 18-də dindirilməzdən əvvəl çıxış edən Karapetyan öz əqidəsindən dönməyəcəyini açıqlayıb: “Baş verənlər bir daha indiki hakimiyyətin tam iflasa uğradığını nümayiş etdirdi”. O, həmçinin “xalqın birləşərək ölkənin düşdüyü çətin vəziyyətdən çıxış yolu tapacağına” əminliyini ifadə edib. Bu arada Paşinyan Karapetyanın şirkəti olan Ermənistanın Elektrik Şəbəkələri QSC-nin milliləşdirilməsini təklif edib. Baş nazir sosial şəbəkədə “Vaxt yetişdi” yazıb. “Onlar bu şirkəti heç öz mülkü hesab etmirlər. Strateji əhəmiyyətli müəssisə, onun işçiləri və istehlakçıları onların vecinə deyil. Bəs ESA onların deyilsə, o kimindir? Xalqın - axı bütün insanlar ya orada işləyir, ya da işıq alır”.
İrəvan isə Moskvaya nota göndərib və Rusiyanın bir sıra hakimiyyət nümayəndələrinin Samvel Karapetyanın işi ilə bağlı fikirlərini Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Günay Ağamalı
Milli Məclisin deputatı Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, Cənubi Qafqazın siyasi gündəmində də mühüm dəyişiklər baş verməkdədir: “Bilindiyi kimi, bir müddətdir erməni Apostol kilsəsi və hakimiyyət arasında gərgin siyasi mübarizə gedir. Kilsə ilə Nikol Paşinyanın kəskinləşən münasibətləri fonunda Ermənistan daxilində dərinləşən siyasi böhran və bu böhranın Rusiya ilə münasibətlər kontekstində aldığı yeni forma İrəvanın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Paşinyanın rusiyapərəst oliqarx Samvel Karapetyana qarşı həyata keçirdiyi sərt tədbirlər, mövcud situasiyanın təkcə şəxsi yox, sistematik xarakter daşıdığının göstəricisidir. Bu, hakimiyyət uğrunda gedən mübarizənin komponentidir. Çünki Paşinyan administrasiyasının antioliqarx siyasəti və köhnə sistemlə mübarizəsi yeni deyil. Lakin Samvel Karapetyan kimi həm Ermənistan daxilində nüfuzu yüksək olan, həm də Rusiya ilə xüsusi əlaqələri olan bir iş adamının hədəf alınması bu proseslərin yeni mərhələyə keçdiyini təsdiq edir. Karapetyanın rəhbərlik etdiyi "Taşir" şirkətlər qrupu təkcə energetika və tikinti şirkəti deyil, o, həm də ölkənin milli suverenliyinin əsas dayaqlarından biri olan enerji şəbəkəsinə nəzarət edən strateji bir gücdür. Bununla yanaşı, Karapetyan Apastol kilsəsinin maliyyələşdirilməsini həyata keçirənlərdən biri olaraq kilsəyə qarşı hücumlara qarşı sərt mövqe sərgiləyir və dövlət rəhbərliyini açıq şəkildə tənqid edir. Bu isə Paşinyan üçün qırmızı xətdir. Onun həbsi bu qarşıdurmanın hüquqi və siyasi çərçivəyə keçdiyinə işarədir və ölkə daxilində Kremlin təsir imkanlarının minimuma endirilməsi məqsədi daşıyır. Eyni zamanda bu hadisəni Ermənistan-Rusiya münasibətlərində uzun müddətdir müşahidə olunan gərginliyin bir hissəsi kimi də qiymətləndirmək olar. Təbii ki, bu tip ritorika Ermənistan üçün müxtəlif nəticələr yarada bilər. Nikol Paşinyan ölkəni Rusiyanın siyasi və iqtisadi təsirindən çıxara bilsə bu yeni perspektivlər yarada bilər. Əks halda, daxili sabitliyin pozulması fonunda oliqarxların, kilsənin və radikal müxalifətin birgə etirazları Paşinyan hökumətinin zəifləməsi ilə nəticələnər və bəlkə də Moskvanın dəstəyi ilə keçmiş elitanın geri dönüşü ehtimalı yüksələ bilər".
Azər Hüseynov
Siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Paşinyan yeni reallığı nəzərə alaraq, Ermənistanı fərqli bir istiqamətə yönəltmək istəyir: “Onun siyasətinin əsas mahiyyəti yalnız Qərbə yaxınlaşmaq deyil, həm də ölkə daxilində uzun illərdən bəri davam edən rus təsirini zəiflətməkdir. Bu məqsədlə Paşinyan ilk olaraq rusiyayönlü qüvvələri - xüsusən millətçi dairələri və onların əsas dayağı olan erməni Apostol kilsəsini hədəfə alıb. Kilsənin siyasi mövqeyi və ideoloji təsiri Ermənistanda sadəcə dini çərçivədən ibarət deyil. O, həm tarixi legitimliyin, həm də rus tərəfdaşlığı ilə bağlı konservativ yanaşmanın simvoludur. Paşinyanın bu strukturla üz-üzə gəlməsi əslində həm də Ermənistanın içində kök atmış postsovet siyasi mədəniyyəti ilə toqquşmasıdır. Paşinyanın bu addımları onun öz hakimiyyətini gücləndirmək və ölkəni daha mərkəzləşdirilmiş şəkildə idarə etmək niyyətini göstərir, lakin bu yanaşma daxildə ciddi bölünmələr yaradır. Bu çərçivədə Rusiyada böyük maliyyə gücünə malik olan və Kremlin dairələrinə yaxınlığı ilə tanınan erməni əsilli iş adamı Samvel Karapetyanın mövqeyə daxil olması təsadüfi deyil. Karapetyan həm Rusiyanın maraqlarını qorumağa çalışan bir fiqur, həm də Ermənistanda kilsə və mühafizəkar dairələrin himayəçisi kimi çıxış edir. Onun Ermənistana gələrək Paşinyan hakimiyyətini tənqid etməsi, kilsəyə açıq dəstək verməsi və sonda saxlanılması əslində bu ziddiyyətlərin konkret nümunəsidir”.
Müsahibin sözlərinə görə, Paşinyan üçün bu qarşıdurma həm fürsət, həm də riskdir: “Erməni baş nazir ölkə daxilində köhnə oliqarx və kilsəyönümlü elitaları zəiflətməyə çalışsa da, eyni zamanda Ermənistanı siyasi baxımdan dərin qütbləşməyə sürükləyir. Samvel Karapetyanın Rusiya vətəndaşı olması və Moskvadan gələn reaksiyalar fonunda İrəvanın Rusiyaya nota verməsi isə Ermənistan-Rusiya münasibətlərinin getdikcə gərildiyini göstərir. Bu, Ermənistanın illərdir üzərində qurulduğu təhlükəsizlik arxitekturasında ciddi bir dəyişiklik cəhdidir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ