Onlayn ictimai-siyasi qəzet
Ölkədə vəziyyətin gündən-günə yaxşılaşması ən çox kütləvi informasiya vasitələrinin işinə maneçilik törədir. Yox, mən 25 nəfər jurnalistin həbs edilməsini nəzərdə tutmuram, çünki bu sayı artırmaq da olar. Söhbət ondan gedir ki, yazı yazmaq üçün mövzu tapmaq çətinləşir.
Məsələn, görürsən saytda, zəhmətkeşlərimiz demişkən, “saitdə” başlıq gedib: “Deputatın oğlu polisi maşınla vurub qaçdı”. Köhnə vaxtlar olsa, camaatda maraq oyadırdı, indi isə hamımız o dəqiqə başa düşürük ki, jurnalistlər bizi tovlamağa çalışır, bu xəbər hansısa uzaq diyara aiddir. (Dəqiq olsun deyə baxdım, İrandaymış).
Ümumiyyətlə, vətəndaşlarımızın sağlamlığı kriminal xəbərlərlə oxucu tutmağa imkan vermir. Qabaqlar universitetdə dava düşəndə minimum 4-5 tələbə, 2-3 aspirant, 1 dekan, yarımştat rektor köməkçisi vurulardı. İndi isə hər davada uzağı 1 tələbə bıçaqlanır. Belə olan şəraitdə elmimiz nə cür inkişaf edəcəkdir?
Hələ əfəl uşaqları demirəm. İki-üç gün olar, FHN bir uşağın barmağını... oyuncağın içindən çıxarmışdı! Axı bu necə ola bilər ki, uşaq, valideynlər, nənə-baba adi bir oyuncağı sındırıb cocuqları azad edə bilməsin? Haçana qədər dövlətdən yardım gözləyəcəyik? Bir az təşəbbüskar olmalıyıq. Şair demişkən, sındır qəfəsi, tazə gülüstan tələb eylə...
Hərçənd təşəbbüs göstərən, uşaqları vətənin müdafiəsinə layiq bağça tərbiyəsi ilə böyütmək istəyən işçilərin videosu çəkilir, özləri işdən qovulur. Boş bir şey üzündən: su qabını uşağın başına vurubdur. Nə qədər gülməli arqumentdir. Biz uşaq olanda ibtidai sinif müəlliməmiz bizi maşa ilə döyür, kömürün üstündə süründürürdü, Allah ona min rəhmət eləsin, özü də xalq yazıçısı İlyas Əfəndiyevin qohumu idi. Bir dəfə sinif yoldaşım Cəlalı yerə uzadıb tapdaladı, nəticədə Cəlal 1989-cu ildən bəri Azərbaycana qayıtmır, Vladivostokdan sığınacaq almışdır. Gözəl günlər idi, heyf.
Əslində bu təlim-tərbiyə işində ziddiyyətli detallar da var. Birmənalı qiymət vermək olmur. Örnək üçün, oyuncaqda barmağı qalan uşağın yaşıdını küçədə, motosikletdə gedən yerdə videoya çəkmişdilər. Əlbəttə, hələ uşaq motosikleti sürmürdü, yalnız qucaqda yola çıxmışdı. Ancaq bunun özü ibrətamizdir. Pis çıxmasın, bizdə elə yaşlı adam var ki, onu qucağına alsan da motosikletə minməz, qorxusundan ürəyi gedər. Bu körpə isə indidən gələcəyin baykeri kimi yetişir.
İki nəfər rayonda siqaret çəkib boya vurarkən yanğından öldü, iki nəfər də Bakıda tokvurmadan. Bunun əsasında “millətimiz boş şeylərdən ölüb azalır” nəticəsi çıxarmağa tələsməyək. Əvəzində Astarada Vəfa adlı bir qadın sahibkar məşuqunun evinə basqın edərək onun arvad-uşağını çırpmışdır. Ən maraqlısı isə hadisənin yaranma səbəbləridir. Sən demə, həmin arvad-uşaq bazardan alış-verişə gələrkən satıcıların dialoquna qulaq şahidi olublar: “Bu arvadın əri Vəfanı saxlayan oğlandır”. (Ola bilsin cümlə ana dilimizi qorumaq baxımından “Bu, Vəfanı saxlayan oğlanın arvadıdır” olmalı idi. Nəsimi adına Dilçilik İnstitutu münasibət bildirsə minnətdar olaram). Arvad hüquqi baxımdan haqlı olaraq etiraz edib, ərinin ondan başqa kimisə saxlamadığını diqqətə çatdırıb və Vəfanı qiyabi olaraq söyüb, təhqir edib. Görünür, hansısa saytlar söyüşləri ünvanına çatdırıblar, nəticədə insident baş verib: məşuq evə hücum çəkibdir.
Ancaq aşiqlər arasında belə söz-söhbətlərin olması təbiidir. Üstəlik, əgər qadın sahibkarlar bölgələrdə dükan işlədirsə, bunun özü regionların inkişafı proqramının uğuru deyildirmi? Yazını da həmişə aktual şairimizin beyti ilə bitirirəm:
“Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar..."
18 Iyun 2025
15 Iyun 2025
14 Iyun 2025
13 Iyun 2025
12 Iyun 2025
11 Iyun 2025
10 Iyun 2025
09 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
06 Iyun 2025
05 Iyun 2025
03 Iyun 2025
01 Iyun 2025
31 May 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
18 May 2025
17 May 2025
16 May 2025
15 May 2025
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ