Onlayn ictimai-siyasi qəzet
“Diloloji olması gərəkməzmi?” (“Orqanizə işlər” filmindən)
Bu yaxında bir təşkilat dünya xalqlarının intellektual səviyyəsini (İQ) açıqlamışdı, Azərbaycan orada 51-ci yerdə idi.
Doğrusu, mən belə reytinq siyahılarına inanmıram, çünki metod və hesablama üsulları məlum deyil. Üstəlik, keçən il biz guya 83-cü yerdə idik. Bəs arada ağlımızı 32 pillə artıran nə olub? Faktiki heç zad. Nə Nobel almışıq, nə də repetitora gedən uşaqlar azalıb. Əksinə, müzakirə edilən əsas mövzularımızdan biri “məktəbə bıçaq aparılmasının qarşısını necə alaq” şəklindədir.
İQ reytinqinin nəsə əlləm-qəlləm üsulla hazırlandığına 2-ci yeri tutan dövlət də haradasa işarə vururdu: İran. Təsəvvür elə. Guya məzlum qonşularımız o boyda sinə vurmaqdan, zəncir döyməkdən, baş yarmaqdan vaxt tapıb ağıllarını da artırıblar. Adama deyərlər belə ağıllısansa, niyə 40 ildir bir saqqallı kişinin fətvaları ilə yaşayırsan. Həmçinin maraqlıdır ki, keçən yazın reytinqində İran 114-cü yerdə göstərilmişdi. Bu boyda ağıl artımı heç bizim sovet dövründəki pambıq planlarında olmayıb.
Elə zəhmətkeşlərimiz də bilmədilər bu 51-ci yerimizə sevinsinlər, yoxsa kədərlənsinlər. Andıra qalmış çox ortalıq bir mövqedir. Anlamaq olmur bizdən qabaqda gedən zəncirlilərə həsəd aparmalıyıq, ya dala qalan zırramalara baxıb şükür etməliyik.
Ağıl reytinqini ölçmək üçün başqa üsullar da var, bunlardan biri ölkədə elmin vəziyyətidir. Ali Attestasiya Komissiyası (AAK) elmi dərəcələrin verilməsinə baxan idarədir. Və onun bu yanvar açıqladığı bəzi rəqəmlər acınacaqlı mənzərədən xəbər verir. 2024-cü ildə 526 nəfərə fəlsəfə doktoru (elmlər namizədi - köhnə adla yazsaq) adı verilib. Bunların içində ən çox pay filologiyaya düşüb - 156 nəfər. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə ötən il 1 nəfər də fəlsəfə doktoru dərəcəsi alan olmayıb.
Elmlər doktoru adı alanların statistikası da acınacaqlıdır. Ötən il 71 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, yenə ən öndə filoloqlar gedir - 23 nəfər. Texnika elmləri üzrə 13 nəfər doktor adı alıb, riyaziyyat, mexanika, yer elmləri, psixologiya və fəlsəfə sahələri üzrə hərəsində 1 nəfərə bu ad qismət olmuşdur.
Astronomiya, aqrar elmlər, əczaçılıq, antropologiya, iqtisad elmləri, coğrafiya, pedaqogika, siyasi elmlər, sosiologiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə doktor adı alan olmayıb.
Maraqlıdır ki, AAK sədri, sayın Famil Mustafayev özü iqtisadçıdır. İqtisad elmləri üzrə doktorluq işinin yoxluğunda onu qınamaq olarmı? Məsələn, mən köşə yazarları üzrə elmi şuranın müdiri olsam heç kəsə diplom vermərəm - mən varamsa, siz kimsiniz? (zarafat edirəm).
Yaxud necə olur ki, müharibədə qalib gəlmiş ölkədə hərbi elmlər üzrə dərəcə alan yoxdur? Qeyri-elmi üsullarla qalib gəlmişik? Elə görünmürdü axı.
Kənd təsərrüfatı da onun kimi. Bəlkə quzu əti bu səbəbdən bahalaşır? Elmi yanaşma çatmır.
Göydə nə qədər peykimiz uçur, Şamaxı rəsədxanası Aya baxmasa camaat orucunu açmır, astronomiya üzrə elmlər doktoru isə hazırlamırıq. Göydən başımıza daş yağacaq.
Ancaq elmin bütün dünyada əsası, mərkəzi sayılan dəqiq elmlərdə geri qalmağımız deyil, filologiya üzrə öncüllük daha absurddur. Rəqəmləri təkrar edirəm: 1 ildə filologiya üzrə 23 elmlər doktoru, 156 elmlər namizədi yetişibmiş!
Fantastikadır. Camaat ana dilini yaddan çıxarmaq üzrədir, uşaqlar Türkiyə seriallarının dilində danışır, dövlət yazışmaları, rəsmi sənədlər suaxili dilinin moltanı ləhcəsindədir, paytaxtda ana dilində bir dənə də dükan adı, restoran menyusu, tuman etiketi qalmayıb, rus sektoruna qaçan kim, ingilis dili kursu açan kim... Amma filologiya elmimiz zırıltı inkişafda imiş.
Mənim ta sözüm yoxdur. Elmi dildə yazsam, leksik imkanlarım tükəndi.
06 May 2025
04 May 2025
03 May 2025
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
09 Aprel 2025
08 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
04 Aprel 2025
03 Aprel 2025
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ