İnsanlara hürriyət, millətlərə istiqlal!

Vurulub düşən suallar

 

Yalnız Qroznı və Mahaçqalaya uçuşları dayandırmaqla iş bitmir. Məncə təhlükəsizlik baxımından hazırda bütün Rusiya hava limanları ölüm saçır, ümumən Rusiya üzərindən uçmağı AZAL və başqa aviaşirkətlərimiz dayandırmalıdır. Burada təkcə “başqa dövlətin torpağını işğal edənlərə heç salam vermək də düz deyil” məntiqi işləmir. Ən azı vətəndaşlarımızın can sağlığını düşünməliyik. 2022-ci ilin fevralından, Rusiya savaşa başlayandan bəri Ukrayna hava məkanı tam bağlıdır, orada hər hansı mülki təyyarələr uçmur. Çünki təhlükəlidir. Ukrayna eyni, qarşılıqlı cavab zərbəsi olaraq Rusiya hava limanlarına hücumlar düzəldir. Özü də bu hücumların arealı yetərincə genişdir. Sankt-Peterburq, Pskov hava limanlarından Moskva, Kazan, Voronejə qədər. Hətta Kalininqrada qədər uçan dronları var ukraynalı savaşçıların. Özü də kiçik təyyarəyə oxşayan bu dronları sərnişin təyyarəsi ilə qarışdırmaq və vurmaq asan, daha doğrusu, mümkündür. Bu rus şəhərlərinin isə bir çoxuna Bakıdan uçuşlar var. Hamısı təhlükəlidir.

Döyüş, müharibə gedən ölkələrdə bu cür hallar qaçılmazdır. 2014-cü ildə Rusiyanın əlaltıları Donetsk vilayəti üzərində Malayziyaya məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan Boinq təyyarəsini “Buk” qurğusuya vurmuşdular, 298 nəfər ölmüşdü. Beynəlxalq komissiya, ekspertlər bütün sübutları topladılar, cinayəti törədən adamların adları da çoxdan məlumdur, lakin kimsə cəzalanmadı. (Bunu bizim təyyarənin istintaqından nəsə haqq-ədalət gözləyənlər üçün yazıram). Çünki bəziləri rus xüsusi xidmətlərinin agenti olan həmin adamları tutub Haaqa məhkəməsinə aparmaq mümkün deyil. Londonda poloniumu çaya qatıb adam öldürəni Dumaya deputat seçirlər, nə qoyub, nə axtarırıq... Heç “Ryazan qəndi” əhvalatını yada salmıram. 

Yaxud, 17 mart, 1994-cü ildə Qarabağ, konkret Xankəndi üzərində İran təyyarəsini erməni separatçıları vurmuşdular. Təyyarə Moskvadan Tehrana uçurdu və İranın Rusiya səfirliyi əməkdaşlarının ailə üzvlərini Novruz bayramı üçün evlərinə aparırdı. Yazıqlar hamısı ölmüşdü - 19 sərnişin və 13 heyət üzvü. Cəmi 32 nəfər. 

Yeri gəlmişkən, İran həmin hadisəyə görə qardaşlığı Ermənistana nəsə göz ağartdımı? Yox. Heç bir dığanın burnu da qanamadı, ümumiyyətlə, cərimə edilən belə olmamışdı. Ermənistan və İran qardaşlığı belə “xırda” itkilər üzündən sarsılası deyildi ki? Biz vursaq hay-küyü, vay-şivəni təsəvvür edin... 

Bir məsələ də var, beynəlxalq konvensiyalara görə müharibə zonalarında hansısa təyyarəni, ümumiyyətlə, nəqliyyat vasitəsini məhv etməzdən öncə dəqiqləşdirmə aparılmalıdır, onun mülki, yoxsa hərbi obyekt olduğu bütün mümkün üsullarla öyrənilməlidir. Təəssüf ki, Rusiyada, elə bütün keçmiş SSRİ məkanında da “dovşanın qulağını kəsib, sonra sayırlar”. 

İndiki hadisə necə olub, böyük ehtimalla biz əsl həqiqəti bilməyəcəyik. Çünki bu işi araşdıran orqanların təcrübəsində şəffaflıq anlayışı yoxdur. O cümlədən, xalqın inamı da yoxdur. Yəni, lap düzünü desələr belə heç kim inanmayacaq. Saysız və cavabsız suallar havada uçuşub, hədəfə gəlib, axırda Xəzər sahilində hardasa yerə çırpılıb əbədi susacaq. Ancaq suallar rəhmətə getməzdən qabaq xatirə üçün bir-ikisini burda yazıram: “Əgər səbəb məlum deyildisə, ilk anlarda ”quş və salonda balon partlayışı" versiyalarını kim xəbər məkanına ötürmüşdü və burda qəsd vardımı", “Qroznıya enmək mümkün olmayanda, niyə bizim daha yaxın Zaqatala və Qəbələ hava limanlarımız deyil, uzaq Aktau seçilib və hətta orda da eniş mümkün olmayıb”, “Qroznıdakı dispetçerin təyyarəni daha uzağa göndərməsində qəsd varmı, çünki adətən eniş mümkün olmayanda növbəti hava limanını yerdən təklif edirlər” və sairə. 

Bu yazıda ən kədərli hissə də elə onun “və sairə” ifadəsi ilə bitməyidir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

14 Avqust 2025

13 Avqust 2025

12 Avqust 2025

10 Avqust 2025

09 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

06 Avqust 2025

05 Avqust 2025

02 Avqust 2025

01 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

29 Iyul 2025

27 Iyul 2025

26 Iyul 2025

25 Iyul 2025

24 Iyul 2025

23 Iyul 2025

20 Iyul 2025

18 Iyul 2025

17 Iyul 2025

16 Iyul 2025

15 Iyul 2025

13 Iyul 2025

12 Iyul 2025

11 Iyul 2025

10 Iyul 2025

09 Iyul 2025

08 Iyul 2025