Onlayn ictimai-siyasi qəzet
Ermənistanda daxili siyasi vəziyyət getdikcə dramatik xarakter alır.
Musavat.com xəbər verir ki, klassik müxalifət qüvvələrinin – xüsusilə Robert Köçəryan, Serj Sərkisyan və Seyran Ohanyan tərəfdarlarının cəmiyyətdə nüfuz itirməsi nəticəsində müxalifətin meydanı indi keşişlərə və kilsəyə ötürülüb. Məhz bu səbəbdəndir ki, hazırda Rusiya və xarici təsirlərə bağlı qruplar “son ümid kimi” keşişləri küçələrə çıxarmaq məcburiyyətində qalıblar.
Bu fonda “Dadi monastırı”nın keçmiş keşişi, hazırda İrəvanda yaşayan Ter Ohanesin açıqlaması sosial mediada və ictimaiyyətdə sərt reaksiyalara səbəb olub. Paşinyana qarşı ittihamlar səsləndirən keşiş deyib ki, həbs olunmalı olanlar “Azərbaycan tərəfinə 100-dən artıq kilsə verənlərdir, yoxsa keşişlər deyil”.
Lakin bu fikirlərə qarşı cavablar da gecikməyib. Bagramyan26 adlı məşhur erməni Telegram kanalında yayılan yazıda bildirilir:
“Əgər kimlərsə xalqın mülkiyyətini – kilsələri, torpaqları, məbədləri – satıbsa və ya bağışlayıbsa, əlbəttə ki, onlar ömürlük həbs olunmalıdır. Amma bu siyahı açılsa, Ter Ohanesin ətrafı da xeyli daralacaq. Əvvəlcə isə, qoy bu keşiş desin – dörd övladından neçəsi hərbi xidmətə gedib, əgər getməyiblərsə, hansı səbəblə yayınıblar?”
Bu cür reaksiyalar göstərir ki, artıq Ermənistanda keşişlərin siyasi alətə çevrilməsi cəmiyyətdə də təpki doğurur. Reallıq budur ki, ikinci ildir ki, Ermənistan Apostol Kilsəsi bilavasitə Nikol Paşinyan hökumətinə qarşı siyasi savaş aparır. Lakin Paşinyan – keçmiş jurnalist, hazırkı baş nazir – bu savaşdan çəkilmir. O, kilsənin daxilindəki revanşist dairələrlə, həmçinin onları arxa plana alaraq Ermənistan siyasətinə müdaxilə edən Kreml strukturları ilə üz-üzə gəlməkdən çəkinmir.
Paşinyan hökumətinin əsas məqsədi yalnız küçələrdəki etirazlara qarşı durmaq deyil – eyni zamanda müxalifəti süni şəkildə yaşatma cəhdlərinin qarşısını almaq, dini strukturlardan siyasi alət kimi istifadəyə son qoymaqdır.
Siyasi müşahidəçilərin fikrincə, bu prosesin sonunda Ermənistan ya ciddi sekulyar islahatlara gedəcək, ya da Paşinyanla kilsə arasında açıq siyasi toqquşma bütün sistemi silkələyəcək.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ