Onlayn ictimai-siyasi qəzet
“Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan”.
(nağıllarımızdan)
Ağadadaş müəllim rəsmi propoqandaya aldanmışdı, elə bilirdi biz bütün yaxşı balta atanlara ödül veririk. Sözgəlişi, olimpiada həftəsi olduğu üçün hər gün xalq artistimizin balta atışını müxtəlif rakurslardan izləyirik, daha bir sənətkarın öz yerində olmadığına təəssüf edirik. Gəlin etiraf edək ki, Ağadadaş müəllim baltanı yüksək peşəkarlıqla atmışdır. Əvvəlcə arxaya əyilir, balta tutan əlini geri uzadır, sonra bədəniylə yay kimi önə dartılır və olduqca harmonik, ritmik, dinamik hərəkətlə aləti tullayır. Məşq etdiyi kor-kor, gör-gördür. Birinci dəfədən belə gözəl atış mümkün deyildir. Kaş müəllimi uşaqlıqdan mahnı oxumağa yox, çəkic atıcılığı, nizə tullamaq kimi idmanlar üzrə seksiyaya yazdırardılar. Yüz faiz medal qazanardı. Yoxsa hazırda məcburuq bu sahələrə xaricdən idmançı alaq.
Əhvalat, gözlənildiyi kimi, öz axarıyla davam edir. Artıq Ağadadaş müəllim və gözətçi qarşılıqlı brifinqlər keçirmiş, xalqa videomüraciətlər yayılmışdır. Sevindirici haldır ki, hər iki tərəf barışıq, sülh müqaviləsi imzalamağa hazırdır. Hindu qəbilələrində belə adət var, sülh zamanı döyüş baltalarını - tomahavkları torpağa basdırırlar. İstintaq orqanları əgər baltanı müsadirə edibsə, geri qaytarsın.
Bəzi hindu baltalarının sapı isə eyni zamanda tütün çəkmək üçün lülə kimi düzəldilirdi, barışıq zamanı oturub birgə püfləyirdilər. Güman edirəm Ağadadaş müəllim və gözətçi ən azı hansısa çayxanada sulu qəlyan çəkə bilər. Bu proses də xalqa nümayiş etdirilməlidir.
Yeganə mübahisəli məsələ hospitalla Ağadadaş müəllimin şadlıq evinin arasındakı dəhliz-anklavın kimə məxsus olmasıdır. Xalq artistinin vaxtilə orada parkinq açdığı söylənilir. İndi həmin mübahisəli bölgəyə Bakı Nəqliyyat Agentliyinin parkovşikləri müşahidəci qismində yerləşməlidirmi, yoxsa arada hasar hörülməlidir, demarkasiyadan əvvəl delimitasiya, daha sonra isə demilitarizasiya olmalıdırmı - bunlar hamısı müzakirəyə açıq məsələlərdir.
Bayaq öz yerində olmamaqdan bəhs etdim. Məncə, bu, ciddi, xalqımız üçün həll edilməsi vacib problemdir. Baxın, əgər təcili yardım vaxtında artistə yetişsəydi, o, yardım üçün gözətçini çağırardımı? Gözətçi həkim deyil axı. Bəlkə də həkimdir, nə bilək? O qədər belə həkimlərə rastlaşırıq. Son vaxtlar neçə klinikada parkovşiklər əməliyyat aparır.
İkincisi, gözətçi dünya ictimaiyyətinə açıqlamasında bildirir ki, xalq artisti onu söymüşdür, “ermənidən əmələ gələn” demişdir. Bəlkə “erməni” desə inciməzmiş.
Əslində bunların hər ikisi söyüş deyil. Ermənilər də dünyada yaşayan xalqlardan biridir.
Bu cür detalların üzərində dayanmağımın mənası var. Parisdə olimpiada açılışında cürbəcür şouların göstərilməsi hazırda dünyanı iki yerə bölüb. Bəzi adamlar açılışı pisləyir, bəziləri tərifləyir. Açığı, mən beş-on dəqiqəsinə baxdım və heç bir münasibətim yox idi, ta ki, reaksiyaları görənəcən. Əgər reaksiya oyadıbsa, deməli, təşkilatçılar istəyinə çatıb. Dünyada ən pis şey reaksiyanın olmamasıdır. İnsanları tarix boyunca dəyişdirmək üçün həmişə qıcıqlandırıblar. Bu müsbət nəticə veribmi, əlbəttə, başqa temadır. Hər halda, versəydi indi dünyada müharibələr olmazdı, hərə bir yerdə çayın qırağında, qayıqda-filanda öpüşərdi, gününü keçirərdi. Yoxsa hara baxırsan raket atan, balta tullayan...
Açılış mərasimində Sena çayının içində cürbəcür rəsm maketləri qurulmuşdu, bunlar əsasən Luvr muzeyində saxlanan əsərlərdən reproduksiyalar idi. Maraqlıdır ki, rəsmlərdən biri Təbriz miniatür məktəbinə məxsus ən ünlü, gözəl rəssamlardan olan Məhəmməd Qasıma məxsus “Şah Abbas qulamı ilə” rəsmindəki qulamın baş hissəsiydi. 1627-ci ildə çəkilən bu rəsmdə şah kişi cinsindən olan xidmətçisini olduqca mərhəmanə qucaqlayıb, onun əlindən piyalədə şərab içir.
Sözü ona gətirirəm ki, “draq-şou nümayişi”, “kişilər öpüşdülər”, “əxlaq əldən getdi”-zad deyəndə və yazanda bir az ehtiyatlı olmaq lazımdır. Şah Abbas cənnətməkan inciyər.
06 May 2025
04 May 2025
03 May 2025
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
09 Aprel 2025
08 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
04 Aprel 2025
03 Aprel 2025
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ