İnsanlara hürriyət, millətlərə istiqlal!

Villanın altından çıxan icra başçısı

“Əgər heç kim oğurlamayıbsa, yəqin ki, noxud dənəsi hələ də oradadır”

(Hans Kristian Andersen, “Noxud üstündə yatan şahzadə qız” nağılından)

Adam ölür, xəbər lentində başlıq görürsən: “Generallar dəfnə gəldilər”. Qalırsan çaş-baş. Çünki rəhmətliyi generallar bir neçə dəfə tutub soymuşdular, 45 illik maaşını əlindən almışdılar. Fikirləşirsən yəqin ölüsündən də əl çəkmirlər. Lakin xəbərin içinə, şəkillərinə baxanda narahatlıq aradan qalxır. Bu generallar ayrı sahənin generalları imiş. Şükür. Daha bir günaha batmadıq.

Batmaq demişkən, Xətai rayonunda villanın həyətindən su fontan vurub, torpaq çöküb, neçə gündür ev qəzalı vəziyyətə düşmüşdür. Əlaqədar orqanlar, daha dəqiqi su idarəsi gəlib baxıb, deşiyə çiv vurub gediblər – bizdə su sızmalarının qarşısını adətən bu dədə-baba üsuluyla alırlar. İdarənin bütün təmir maşınlarında hazır çivlər, pazlar olur. Məndə olan məlumata görə idarə meşələrin birində taxta paz istehsalı üçün sahə icarəyə götürübdür. Bəzən boruya o qədər ağac çivlər vururlar, sanarsan kirpi görürsən. Bunlar hamısı həm ənənədir (əsası Oqtay Əsədov tərəfindən qoyulub), həm novatorluqdur.

Rus-sovet kosmonavtlarından bəhs edən Hollivud kinolarında adətən oxşar kadrlar, səhnələr olur. Görürsən kosmik stansiya, məsəl üçün, hansısa asteroidlə toqquşub, divarlar aşsüzənə dönüb, heyət dəhlizlərdə kəlləmayallaq uçuşur, bu zaman hansısa rus kosmonavtı qulaqlı papaqda, zolaqlı “telnyaşka”da ortaya çıxdı, əlində də... qaz açarı! Ya da eşşək boyda bir çəkic, gürzlə (kuvalda) başlayır stansiyanın taqqıldadıb qayırmağa.

Lakin mənim diqqətimi təkcə bədbəxt villa yiyəsinin ortalıqda qalması çəkmədi. (Su idarəsi deyir tikili qanunsuzdur, icra deyir bizə dəxli yoxdur). Adam deyir ki, mən bu evi 2006-cı ildə, hazır almışam, ev özü isə 1998-ci ildə tikilib. Bütün sənədləri, mülk kağızı-filanı da yerindədir. Yəni, 7 metr dərinlikdən su borusu keçirsə, bu, ev yiyəsinin günahı deyil, o evi həmin borunun üstündə tikməyə icazə verənlərdədir. Bəs onlar kimdir? Bunu da tapmaq elə çətin deyil. 1998-ci ildə su və kanalizasiya xətləri icra hakimiyyətlərinə tabe idi. (İndi də elədir, sadəcə, bir az dolayı yolla). Ev tikməyə icazəni, mülk kağızını da icra hakimiyyəti verir. 1998-ci ildə Xətai rayonunun icra hakimiyyəti başçısı Gündüz Cəlilov olub. AMİP-in, daha sonra ADİP adlı lətifəvari partiyacığın rəhbər şəxslərindən biri olmuşdur.

Əgər bu dövlətin arxiv sənədləri qaydasındadırsa, həmin su xətti üstündə qanunsuz tikiliyə cavabdeh şəxsi axtarıb tapmaq su içmək qədər asan olmalıdır. Yoxsa “yeyib-içdik, aradan çıxdıq” məntiqi işləyir? Bunu boş yerə yazmıram, görürsən hərdən kimlərsə gedir restorana, babat yeyirlər, içirlər, sonra hesabı verməyib qaçırlar. Videoları internetdə qoyulur, deyilir ki, polis hazırda araşdırma aparır və sairə. Necə ola bilər, 300-500 manatlıq hesaba görə kimlərisə axtarırlar, lakin dövləti, cəmiyyəti 300-500 min manat (villanın qiymətini hesablamaq lazımdır) zərərə salanlar aradan rahatca sivişir?

Bugünlərdə Hesablama Palatasının müdiri, sayın Vüqar Gülməmmədovun rəhbərliyi altında kollegiya iclası keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsində 2020-2021-ci illərdə dövlət əmlakından, dövlət pulundan istifadədə problemlər aşkara çıxıb və cinayət tərkibi ehtimallarına görə materiallar Baş Prokurorluğa göndərilib.

Çox gözəl, çox pakizə. Palatanın qanunun aliliyi uğrunda mücadiləsini alqışlayırıq. Ancaq niyə informasiya uca millətə yarımçıq verilir? Orda yazmaq lazımdır ki, həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri Elton Məmmədov olub. Keçmiş deputat və keçmiş nəqliyyat naziri Ziya müəllimin qərdeşi. Xalq öz qəhrəmanlarını tanımalıdır. Belə işlər mücərrəd, abstrakt olmur.

Ya da belə: sağlığında qiymət verin insanlara!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025